Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan dili məktəbində Yeni il bayramı qeyd olunub.
“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Bayram proqramı çərçivəsində məktəbin şagirdləri ana dilində şeirlər səsləndirib, Azərbaycan xalq mahnılarını və Yeni ilə həsr olunmuş nəğmələri ifa ediblər. Tədbirdə iştirak edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ana dilini öyrənməyə maraq göstərən şagirdləri təbrik edib, onların çıxışlarını yüksək qiymətləndirib.
Bayram tədbirində Şaxta baba da iştirak edib və uşaqlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, məktəbdə Azərbaycan dili, musiqi və rəsm fənləri tədris olunur, Paris və ətraf bölgələrdə yaşayan azərbaycanlı və digər mənşəli uşaqlar təhsil alırlar.