22 dekabr 2025 08:02
111

Moldovada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş dərs keçirilib

Moldova Azərbaycanlıları Konqresinin (MAK) bazar günü məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş dərs təşkil edilib.

“İki sahil” xəbər verir ki, dərsdə Moldova Respublikası Parlamentinin deputatı Adrian Belutsel, Moldova Respublikası Parlamentinin sabiq deputatı, Azərbaycan icmasının çoxillik dostu Vitaliye Jakot, Azərbaycan icmasının nümayəndələri, eləcə də MAK-ın sədri Elçin Bayramov iştirak edib.

Qonaqlar bayram əhvali-ruhiyyəsi ilə qarşılanıb, şagirdlər milli elementləri əks etdirən iki rəqs ifa ediblər. Daha sonra MAK-ın sədri Elçin Bayramov hər il dekabrın 31-də qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün xüsusi əhəmiyyətini vurğulayıb. Sədr, həmçinin bazar günü məktəbinin diaspor şəraitində mədəni varisliyin qorunub saxlanıldığı, Azərbaycanın milli ənənələrinin gənc nəslə ötürüldüyü və ana dilinə sevginin formalaşdırıldığı mühüm bir məkan olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Vitaliye Jakot son bir il ərzində bazar günü məktəbinin əldə etdiyi uğurları qeyd edib. O, məktəbin fəaliyyətini ilk addımlarından yaxından izlədiyini və tədris ocağının mühüm və güclü bir layihəyə çevrilməsi ilə qürur duyduğunu bildirib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində məktəbin şagirdlərinə xatirə hədiyyələri təqdim olunub.