22 dekabr 2025 11:23
87

Amnistiya aktının icrası həyata keçirilir

Amnistiya aktının Ədliyyə Nazirliyində icrası həyata keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 19 dekabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının icrası davam etdirilir.

Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində Amnistiya aktının icrası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın, Milli Məclisin deputatı Zahid Orucun, Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin, Nazirlik yanında İctimai Şuranın, habelə media nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində amnistiyaya düşən 300-ə yaxın məhkuma sənədləri təqdim olunur və azadlığa buraxılması həyata keçirilir.

Amnistiya aktının probasiya nəzarətində olan - azadlığın məhdudlaşdırılması cəzası, ictimai və islah işləri, cərimə cəzası və şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzanın çəkilməsi təxirə salınmış şəxslərə münasibətdə də icrasına başlanılıb. Ədliyyə Nazirliyinin Probasiya xidmətində aidiyyəti dövlət qurumlarının, nazirlik yanında İctimai şuranın və media nümayəndələrinin iştirakı ilə probasiya nəzarətində olan şəxslər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad olunurlar.

Qərarın sevincini yaşayan məhkumlar və ailə üzvləri dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, bundan sonra qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətin inkişafına töhfə verəcəklərinə söz veriblər.

Hazırda Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumları tam səfərbər olunmaqla, qanunvericiliyin tələblərinə uyğun və çevik şəkildə Amnistiya aktının icrasını təmin edirlər.