22 dekabr 2025 14:13
101

Prezidentin birdəfəlik yardımla bağlı Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək

Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" bugünkü Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335 min 200 nəfər ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.

Nazirlik birdəfəlik yardımları ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürəcək.

Qeyd edək ki, Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Sənədə əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb.