Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatının təşkilatçılığı ilə “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə “Şanlı Zəfərdən Yeni Zirvələrə: Qalib Xalq-Güclü Dövlət” mövzusunda bayram tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, Heydər Əliyev yolunun Müzəffər davamçısı kimi Prezident İlham Əliyevin sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə, mili həmrəyliyin möhkəmlənməsinə yönəldilmiş uzaqgörən siyasəti Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasında həlledici rol oynayıb. Bu gün Azərbaycan dünyada inkişaf diyarı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır. Vurğulanıb ki, Cənab Prezidentin qətiyyəti, siyasi uzaqgörənliyi və diplomatik uğurları dünya azərbaycanlılarına güvən və birlik hissi bəxş edib.
Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 1991-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis olunan və bütün azərbaycanlıların birlik rəmzinə çevrilən Həmrəylik Gününün əhəmiyyətindən bəhs edib. Adil Vəliyev xalqımızın həmrəyliyinin və birliyinin daim vacib olduğunu, 5 il öncə torpaqlarımızın işğaldan azad olunmasının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu milli birlik və vəhdətin nəticəsində mümkün olduğunu deyib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov çıxışında bildirib ki, Prezident İlham Əliyev ali kürsüyə çıxdığı ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Onun şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır.
Tədbirin sonunda bir qrup YAP fəallarına diplom və yubiley hədiyyələri təqdim edilib.
Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbir bədii hissə ilə davam edib.