22 dekabr 2025 17:21
118

4SİM-in təşkilatçılığı ilə keçirilən “Sənaye 4.0: Hakaton 2025” yekunlaşıb

İqtisadiyyat Nazirliyinin dəstəyi və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçirilən “Sənaye 4.0: Hakaton 2025” tədbiri yekunlaşıb.

İki gün davam edən yarışın keçirilməsində məqsəd sənaye müəssisələrində istehsal proseslərinin avtomatlaşdırılması, süni intellekt və digər rəqəmsal texnologiyaların tətbiqi yolu ilə əməliyyat səmərəliliyinin yüksəldilməsi, eləcə də müəssisələrdə əvvəlcədən müəyyən edilmiş texnoloji boşluqların aradan qaldırılmasına yönəlmiş praktik həllərin hazırlanması olub.

4SİM-in icraçı direktoru Fariz Cəfərov rəqəmsal iqtisadiyyatın və texnoloji transformasiyanın davamlı inkişafı üçün bu istiqamətdə həyata keçirilən təşəbbüslərin əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, “Sənaye 4.0: Hakaton 2025” tədbiri “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan “Elm-sənaye klasteri 4.0”-ın formalaşdırılması çərçivəsində təşkil edilib.

Bildirilib ki, müasir dövrdə rəqabətqabiliyyətli sənayenin formalaşması bilik və bacarıqların real istehsal və texnoloji tələblərlə uzlaşdırılmasından birbaşa asılıdır. Bu baxımdan praktik yönümlü layihələr və təşəbbüslər gənc mütəxəssislərin hazırlığının gücləndirilməsində, innovativ həllərin təşviqində və sənaye ilə təhsil arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.

Yarışmada iştirak üçün 230 komanda, 800-dən çox iştirakçı müraciət edib. İlkin seçimdən sonra 30 komanda (114 iştirakçı) finala vəsiqə qazanıb. İştirakçılar əsasən tələbələr, dövlət və özəl qurumlarda çalışan əməkdaşlardan ibarət olub.

Tədbirin birinci günü iştirakçılar Sənaye 4.0 mövzusunda ideya müsabiqəsində yarışıblar. Mentorlar tərəfindən verilən məsləhət və dəstək sayəsində iştirakçılar öz ideyaları əsasında tədbirin ikinci günü real sənaye çağırışlarına cavab verən işlək prototip hazırlamaq üçün çalışıblar.

Tədbir boyunca yerli və beynəlxalq ekspertlər tərəfindən “Komanda quruculuğu”, “İdeyadan sənayeyə” və “Öz biznes ideyamı necə təqdim etməliyəm?” mövzularında təlimlər keçirilib. Komanda quruculuğunu inkişaf etdirmək üçün müxtəlif intellektual oyunlar təşkil edilib.

Hakaton iştirakçıları süni intellekt və maşın öyrənməsi əsaslı sənaye həlləri, əşyaların interneti və ağıllı sensor sistemləri, ağıllı istehsal və avtomatlaşdırılmış fabriklər, proqnozlaşdırıcı texniki xidmət sistemləri, enerji səmərəliliyi və ağıllı enerji idarəetməsi, süni intellekt əsaslı ERP platformaları, kibertəhlükəsizlik, böyük verilənlər və real vaxt analitikası, AR/VR əsaslı sənaye təlimi və texniki dəstək həlləri təqdim ediblər. Sonda mentorların səsverməsi ilə 10 ən yaxşı layihə təqdimat və münsiflər heyəti tərəfindən qiymətləndirmə üçün seçilib.

Yekun qiymətləndirməyə əsasən “DataSapiens” komandası (istehsal proseslərinə avtomatlaşdırlımış nəzarət üzrə həll) 1-ci yerə, “DeepSense” komandası (su elektrik stansiyalarında enerji itkisinin və qəzaların prediktiv müəyyən edilməsi ilə bağlı “HydroSense” həlli) 2-ci yerə və “Nummix” komandası (KOB və mikrosahibkarlar üçün süni intellekt əsaslı ERP platforması) 3-cü yerə layiq görülüb. Qalib komandalara pul mükafatları və diplomlar təqdim olunub.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi, "Pasha Holding" və Sabah.HUB İnnovasiya Mərkəzi tərəfindən tədbirə texniki-təşkilati dəstək göstərilib.