22 dekabr 2025 19:24
102

Milli irsə, tarixi yaddaşa və müasir inkişaf çağırışlarına strateji əhəmiyyətin parlaq ifadəsi

Möhtərəm Cənab İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında imzaladığı Sərəncam dövlətimizin milli irsə, tarixi yaddaşa və müasir inkişaf çağırışlarına verdiyi strateji əhəmiyyətin parlaq ifadəsidir. Qərar Azərbaycan şəhərsalma və memarlıq məktəbinin çoxəsrlik zəngin ənənələrinə sadiqliyin və gələcəyə yönəlik baxışın məntiqi davamıdır. Ölkəmizin şəhərsalma və memarlıq mədəniyyəti xalqımızın dünyagörüşünü, estetik zövqünü və milli kimliyini özündə ehtiva edən canlı irsdir. Azərbaycanın hər güşəsi tarixi abidələrlə zəngindir. İstər mədəni, istərsə də dövrün reallıqlarına uyğun qurulan müdaifə məqsədli qalalar qədim dövlətçilik ənənələrimizin təsdiqidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, tarixi şəhərlərimizin memarlıq siması əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin qovşağında formalaşaraq milli dəyərlərimizi qorumaqla inkişaf etmişdir. Bu baxımdan 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması milli irsimizin sistemli şəkildə təbliği və qorunması istiqamətində atılan əhəmiyyətli addımdır.
 
Ulu Öndərin rəhbərliyi dövründə tarixi şəhərlərin qorunması, memarlıq abidələrinin bərpası və milli memarlıq üslubunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdi. 
Eyni rasional yanaşma məhz cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Dövlət başçımız Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu sahədə yeni mərhələyə yüksəlmiş, müasir memarlıq konsepsiyası ilə milli irsin vəhdəti təmin edilmişdir. Paytaxt Bakının və regionların köklü şəkildə dəyişməsi, dünya memarlıq xəritəsində özünəməxsus yer tutan layihələrin həyata keçirilməsi ölkəmizin inkişaf fəlsəfəsinin bariz göstəricisidir.
 
Xüsusilə qeyd etmək istərdim ki, Birinci vitse-prezident, hörmətli Mehriban Əliyevanın mədəni irsin qorunması, tarixi-memarlıq abidələrinin bərpası və müasir memarlıq layihələrinin təşviqi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət bu sahədə dövlət siyasətinin humanist və estetik məzmununu daha da gücləndirir. Onun təşəbbüsü və dəstəyi ilə reallaşdırılan layihələr milli dəyərlərin qorunması ilə müasir memarlıq konsepsiyalarının ahəngdar şəkildə uyğunlaşdırılmasına, şəhər mühitinin estetik baxımdan zənginləşdirilməsinə mühüm töhfə verir.
 
Mühüm məqamlardan biri ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, “yaşıl enerji” zonasının yaradılması Azərbaycan dövlətinin şəhərsalma və memarlığa yanaşmasının müasir və innovativ xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir. Şuşa şəhərinin tarixi mədəni irsin qorumaqla bərpası milli iradənin, tarixi ədalətin və mədəni yaddaşın təntənəsidir. 
Eyni zamanda Azərbaycanın beynəlxalq müstəvidə dayanıqlı şəhərsalma sahəsində etibarlı tərəfdaş kimi tanınması, o cümlədən BMT strukturları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər ölkəmizin bu sahədə artan nüfuzundan xəbər verir. 2026-cı ildə Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi də bu etimadın bariz göstəricisidir.
 
Əminəm ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görüləcək işlər milli memarlıq irsinin qorunması, müasir şəhərsalma yanaşmalarının təşviqi, memar və şəhərsalma mütəxəssislərinin potensialının gücləndirilməsi baxımından yeni imkanlar yaradacaq, şəhərlərimizin daha rahat, estetik və dayanıqlı mühitə çevrilməsinə mühüm töhfə verəcəkdir.
 
 
Günay Ağamalı
 
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini