Azərbaycan dünyada minadan ən çox əziyyət çəkən dövlətlərdən biridir və bu problem təcili beynəlxalq diqqət və dəstək tələb edir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin "The National Interest" jurnalı yazır.
"Azərbaycan artıq (azad edilmiş ərazilərdə) genişmiqyaslı minatəmizləmə işləri aparır, lakin minalarla çirklənmənin miqyası əlaqələndirilmiş beynəlxalq yardım tələb edir", - jurnal qeyd edir. Nəşr xatırladır ki, indiyədək 361-i uşaq daxil olmaqla 3 min 500 Azərbaycan vətəndaşı minaların qurbanı olub.
"Hərbi əməliyyatların başa çatdığı 2020-ci ilin noyabrında bəri 388 nəfər minaya düşərək həlak olub və ya yaralanıb, onların böyük əksəriyyəti mülki şəxslərdir. Bu faciələr 700 mindən çox məcburi köçkünün öz evlərinə qayıtması prosesinin gecikməsi, eləcə də müharibə dövründə itkin düşmüş təxminən 4 min vətəndaşın qalıqlarının axtarışı zamanı davam edən çətinliklərlə daha da ağırlaşır", - nəşrdə qeyd olunur.
Jurnal vurğulayır ki, Azərbaycan azad edilmiş ərazilərin minalardan təmizlənməsində aparıcı rol oynayaraq bu prosesə Minatəmizləmə Agentliyini (ANAMA) cəlb edib. ANAMA tərəfindən artıq yüz minlərlə partlayıcı qurğu zərərsizləşdirilib. Həmçinin qeyd olunur ki, Azərbaycan BMT ilə birlikdə minalardan təmizləməyə həsr olunmuş üç qlobal konfransa ev sahibliyi edib, 2024-cü ilin mayında isə Bakı BMT-nin İnkişaf Proqramı ilə birlikdə mənzil-qərargahı Azərbaycanda yerləşəcək Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinin yaradılması üzrə təşəbbüsə start verib irəli sürüb.
"Lakin minatəmizləmə ilə bağlı humanitar vəzifənin miqyası onu qlobal məsuliyyət məsələsinə çevirir. Məhz buna görə Bakı BMT-ni, Qoşulmama Hərəkatını və digər beynəlxalq platformaları mina təhlükəsini sülhə, inkişafa, insan hüquqlarına və ətraf mühitin bərpasına təsir edən problem kimi nəzərdən keçirməyə çağırıb", - məqalədə vurğulanır.
Materialda deyilir ki, mina təhlükəsi aradan qaldırılmadan yoxsulluğun azaldılması, təhsilin inkişafı, iqlim dayanıqlığı kimi vacib hədəflərə nail olmaq ciddi maneələr səbəbindən çətinləşəcək.