Bir sızanağı sıxmaq və ya burun tüklərini qoparmaq insanın həyatı üçün təhlükəli infeksiyanın yaranması ilə xəstəxanaya düşməsinə səbəb ola bilər.
Bu xəbərdarlıq ilk baxışdan şişirdilmiş məlumat təsiri bağışlasa da, mütəxəssislər üz nahiyəsində “ölüm üçbucağı” adlanan yüksək riskli bir sahənin mövcud olduğunu bildirirlər. Burun körpüsündən ağız kənarlarına qədər uzanan bu nahiyənin zədələnməsi ciddi fəsadlara yol aça bilər. Lankaster Universitetinin anatomiya müəllimi Adam Teylorun sözlərinə görə, olduqca nadir hallarda baş versə də, sızanağın sıxılması ölümcül nəticələrə səbəb ola bilər. Teylor bildirib ki, ən ağır hallarda dəridə yaranan kəsik və zədələr beyində infeksiyalara, sepsisə və qan laxtalanmasına gətirib çıxara bilər. Bunun səbəbi həmin nahiyənin beyindən qan axınını təmin edən və kavernoz sinus adlanan damar sistemi ilə birbaşa əlaqəli olmasıdır.
Adam Teylor "The Independent" nəşrinə açıqlamasında qeyd edib ki, üz nahiyəsindəki bəzi damarlarda qanın yalnız bir istiqamətdə axmasını təmin edən klapanlar mövcud deyil. Bu isə burun üstü ilə ağız kənarları arasında yaranan sızanaq və ya kəsiklərdəki yoluxucu amillərin damar boyunca geriyə doğru hərəkət edərək kavernoz sinusa keçməsinə şərait yaradır. Sözügedən sinus daha sonra beyin və digər həyati əhəmiyyətli sinir strukturları ilə birləşir. Bu bölgələrdə yaranan infeksiyalar vaxtında aşkar olunub müalicə edilməzsə, ölümcül nəticələrə səbəb ola bilər. Həmin nahiyədə dərinin ən kiçik zədələnməsi belə infeksiya riskini artırır və bu zaman antibiotik müalicəsi, hətta xəstəxanada qalmaq zərurəti yarana bilər.
Nadir hallarda nəzarətsiz qalan bakterial infeksiya sepsisə səbəb olur. Bu, infeksiyaya qarşı orqanizmin verdiyi həyati təhlükəli reaksiya olub, immun sisteminin öz toxuma və orqanlarına zərər verməsi ilə xarakterizə olunur. Bununla yanaşı, Adam Teylor vurğulayıb ki, beyinə bağlı damarlarda qan laxtasının yaranması daha böyük təhlükə hesab olunur və bu hal təcili tibbi müdaxilə tələb edir. Onun sözlərinə görə, bu nahiyədə yaranan sızanaqlar, onların sıxılması, qaşınması və ya dəri altına doğru böyüyən tüklər infeksiyalara yol aça bilər. Bu infeksiyalar isə damarlar vasitəsilə geri dönərək kavernoz sinusa keçə və burada ciddi fəsadlar yarada bilər.
Sepsis ehtimalı mövcud olsa da, kavernoz sinusda qan laxtasının yaranması və ya meningit riski daha yüksək qiymətləndirilir. Hər iki hal son dərəcə təhlükəlidir və təcili diaqnostika ilə müalicə tələb edir. Bu cür hallar geniş yayılmasa da, son dərəcə ciddi hesab olunur və tibb işçiləri tərəfindən daim diqqətdə saxlanılır.
Mütəxəssislər sızanaqlardan sıxmaqla xilas olmağa çalışmaq əvəzinə, bu vərdişdən çəkinməyi tövsiyə edirlər. Bunun əvəzinə üz dərisi müntəzəm olaraq yuyulmalı, zərurət yarandıqda isə peşəkar yardım üçün dermatoloqa müraciət edilməlidir.
Şahnigar Əhmədova, "İki sahil"