Dekabrın 24-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib.
Forumda Türkiyə, Özbəkistan, Qazaxıstandan olan nümayəndə heyətləri, müvafiq dövlət qurumlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif konfessiyaların nümayəndələri, eləcə də dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, bugünkü tədbir 2024-cü ildə təməli qoyulmuş mühüm bir ənənənin məntiqi davamı olmaqla yanaşı, dövlət-din münasibətlərinin sağlam və davamlı inkişaf xəttinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il keçirilmiş Forumun iştirakçılarına müraciəti ideoloji məzmun və konseptual mahiyyətinə görə bir neçə vacib istiqaməti əhatə edib. Məhz həmin müraciətdə ifadə olunan strateji hədəflər ötən müddətdəki fəaliyyətimizin gündəliyini müəyyənləşdirib. Geridə qalan dövr aydın şəkildə göstərib ki, cənab Prezident tərəfindən vurğulanan hədəflər sistemli və davamlı fəaliyyət üçün mükəmməl yol xəritəsidir və bundan sonra da atacağımız addımlarda əsas istinad nöqtəsi olmalıdır.
Ölkəmizdəki dövlət-din münasibətləri barədə danışan Komitə sədri bildirib ki, Azərbaycanın dövlətçilik salnaməsi yalnız siyasi və iqtisadi nailiyyətlərlə deyil, eyni zamanda sarsılmaz mənəvi dayaqlara, inanc və vicdan azadlığına hörmət və sadiqlik prinsiplərinə söykənən zəngin dəyərlər sistemi ilə səciyyələnir. Ulu Öndər Heydər Əliyevin dünyəvi dövlət quruluşu ilə mənəvi dəyərlərin harmoniyası əsasında formalaşdırdığı bu modeldə din dövlətdən ayrı olsa da, cəmiyyətin mənəvi sağlamlığının və ictimai həmrəyliyin ayrılmaz tərkib hissəsidir. Ulu Öndərin memarı olduğu bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni dövrün qlobal çağırışlarına uyğun olaraq daha da zənginləşdirilib, ölkəmiz dünya miqyasında multikulturalizm mərkəzinə, sivilizasiyalararası dialoq platformasına çevrilib. Bu mənəvi quruculuq prosesində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətlərini xüsusilə qeyd edən Komitə sədri Fondun xətti ilə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda həyata keçirilən layihələr çərçivəsində onlarla tarixi-dini abidələr bərpa edildiyini, yenilərinin inşa edildiyini deyib.
Dövlət Komitəsi və tabeliyindəki qurumların il ərzində həyata keçirdiyi ideoloji və maarifləndirici işlərə də toxunan Ramin Məmmədov “Fərqliliyin rəngi” festivalı, Mənəvi Dəyərlərin Təbliği Fondunun “Mənəvi dəyərlər” həftəsi, “Hər məsciddə kitabxana” layihələri haqqında danışıb. Bildirib ki, xarici ölkələrin dini liderlərinin və diplomatik korpus nümayəndələrinin ölkəmizə mütəmadi səfərlərinin təşkili, Azərbaycanın tolerantlıq mühiti ilə tanış olması ölkəmizə qarşı yönəlmiş qərəzli ideoloji kampaniyaların qarşısının alınmasında mühüm rol oynayıb. Azərbaycan İlahiyyat İnstitutunun xarici ali təhsil müəssisəsi ilə tərəfdaşlıq sazişləri imzalaması milli ilahiyyat elmimizin dünya elmi mühitinə inteqrasiyası baxımından böyük nailiyyətdir.
Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş qardaş Azərbaycanda olmaqdan böyük qürur duyuduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasındakı münasibətlər Ulu Öndər Heydər Əliyevin də ifadə etdiyi kimi, "Bir millət, iki dövlət" fəlsəfəsi üzərində qurulmuş sarsılmaz qardaşlıq nümunəsidir. İslam dininin bəşəriyyətə sadəcə inanc sistemi deyil, eyni zamanda əsas insan hüquq və azadlıqları düşüncəsini, sülh çağırışını və bütün dinlərin nümayəndələrinə qarşı tolerant davranış modelini bəxş etdiyini diqqətə çatdıran S.Arpaquş vurğulayıb ki, bu dəyərlər dinimizin təməl sütunlarındandır. Bizim vəzifəmiz isə bu sütunları qorumaq və yaşatmaqdır. Din və vicdan azadlığını heçə sayan ölkələrdə mənəvi dəyərlərin sürətlə aşınır. O, qeyd edib ki, insanların inancına hörmət olunmayan cəmiyyətlərdə hüzurdan, sabitlikdən və rifahdan söhbət gedə bilməz. Belə bir həssas və mürəkkəb dönəmdə, İslamın bəşəriyyətə töhfəsi olan ali dəyərləri yaymaq, insanlara sülh və ədalətin yolunu göstərmək indi hər zamankından daha çox vacibdir. Diyanət İşləri İdarəsinin sədri vurğulayıb ki, bu istiqamətdə daha böyük nailiyyətlərin əldə olunması üçün dövlətlərin işbirliyi zəruridir. Türkiyə Respublikası Diyanət İşləri İdarəsi bu yolda Azərbaycanla çiyin-çiyinə addımlamaqdan böyük məmnunluq duyuruq. Bütün dünyada sülh və birgəyaşayış ideyalarının bərqərar olmasına çalışan Azərbaycanda keçirilən bu cür tədbirlərin əhəmiyyəti olduqca yüksəkdir. Çünki bu cür platformalar birliyimizi gücləndirir, ortaq problemlərimizin həll yollarını tapmağımıza kömək edir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, ölkəmiz bu gün dünyada müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Tarix boyu azərbaycanlıların həyat tərzi olan multikulturalizm və tolerantlıq bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
S.Əliyeva bildirib ki, Forumda müzakirə olunacaq məsələlər, səsləndiriləcək məruzələr dinlərarası dialoqun qurulması, dövlət-din münasibətlərinin konstitusion norma və prinsiplər əsasında daha səmərəli təmini sahəsində müsbət təcrübələrin təbliği baxımından əhəmiyyətli olacaqdır.
Ombudsman vurğulayıb ki, Dünyəvi dövlət olan Azərbaycanda dövlət və din münasibətlərinin əsası konstitusion səviyyədə təsbit edilmiş, bütün dini etiqadların qanun qarşısında bərabərliyi, hər kəsin vicdan azadlığına malik olması, heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməməsi kimi normalar Konstitusiyada öz əksini tapıb. Dini mənsubiyyətlə bağlı qeyd edilənlərin Azərbaycanda yalnız qanunvericilik səviyyəsində deyil, real həyatda da müsbət formada tətbiqi təcrübəsi mövcuddur.
Özbəkistan Respublikasının Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Vurğulayıb ki, “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda keçirilən Din Xadimlərinin II Forumu müasir cəmiyyət üçün son dərəcə aktual məsələyə həsr edilib. Qloballaşma şəraitində dövlət-din münasibətlərinin tarazlaşdırılması sosial sabitlik və milli təhlükəsizlik üçün vacibdir. Azərbaycanın təcrübəsi, dünyəvi dövlət prinsiplərinə sadiq qalaraq dini tolerantlıq və vicdan azadlığını təmin etməsi xüsusi diqqətə layiqdir. Bu model dini həmrəyliyi və sosial sabitliyi gücləndirir. Ölkələrimizdə dövlət-din münasibətlərinə ciddi riayət edilir, milli və dini dəyərlər qorunur, dini ekstremizmə qarşı mübarizə aparılır. Azərbaycan, dinlərarası və mədəniyyətlərarası dialoqda mühüm regional mərkəzlərdən biridir. M.Kamilov bildirib ki, dövlət-din münasibətlərinin qanunçuluq və bərabərlik prinsipləri əsasında təşkili, tolerantlıq mədəniyyətinin formalaşması sülhün və dayanıqlı inkişafın təmin edilməsi üçün vacibdir. Belə forumlar dövlətlər arasında etimadın möhkəmlənməsinə və dayanıqlı inkişafa xidmət edir. O, Forumun nəticələrinin beynəlxalq elmi-praktik əməkdaşlığın yeni səviyyədə inkişafına töhfə verəcəyindən əminliyini deyib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, bu Forum müəyyən olunmuş mövzu üzrə müzakirə platforması olmaqla yanaşı, Azərbaycan cəmiyyətinin mənəvi dayaqlarını, ailə dəyərlərini və insan amilini qorumağa yönəlmiş ortaq məsuliyyətimizin ifadəsidir.
Bu mötəbər tədbirin artıq ikinci dəfə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq, ölkəmizdə dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişaf etdirilməsinə, dünyəvilik və vicdan azadlığı kimi fundamental dəyərlərin qorunmasına verilən yüksək önəmin təzahürüdür. Bu gün Forum çərçivəsində keçiriləcək “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” adlı panel mövzusu təsadüfi seçim deyil. Qadınların öz missiyasını uğurla yerinə yetirməsi yalnız hüquqi mexanizmlərlə deyil, həm də mənəvi və ictimai dəstək tədbirləri ilə mümkündür. Bu baxımdan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır.
Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov vurğulayıb ki, Qazaxıstan çoxmillətli və çoxkonfessiyalı dövlət olaraq vicdan azadlığını təmin edir. Ölkədə dini dözümlülük ictimai sülh və milli birliyin əsasını təşkil edir. Dövlət dini birliklərin daxili işlərinə müdaxilə etmir və onların hüquqlarını qoruyur, həmçinin vətəndaşların dünyagörüşünü qanun çərçivəsində sərbəst seçməsini təmin edir. Qazaxıstanın dövlət-din münasibətlərinə diqqət çəkən Y.Aitkenov ölkədə müntəzəm olaraq dini birliklərin nümayəndələri ilə görüşlərin keçirildiyini və beynəlxalq səviyyədə tədbirlər təşkil olunduğunu qeyd edib. Forumun beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açacağını və konfessiyalararası razılığın təminatı sahəsində təcrübənin zənginləşməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev qeyd edib ki, din xadimlərinin kütləvi informasiya vasitələrinə çıxışı müasir dövrdə dini maarifləndirmənin vacib tərkib hissəsinə çevrilib. O bildirib ki, təbliğat yalnız məsciddə aparılmaqla məhdudlaşmamalı, cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir. Media vasitələri düzgün və etibarlı dini məlumatların geniş auditoriyaya çatdırılması üçün effektiv platformadır. Bu çıxışlar vasitəsilə insanlar yad dini təsirlər və radikal təriqətlər barədə vaxtında məlumatlandırıla bilər. Eyni zamanda, yanlış dini yanaşmaların qarşısının alınmasında maarifləndirici proqramların rolu böyükdür. Din xadimləri media mühitində peşəkar və məsuliyyətli mövqe sərgiləməlidirlər. Bu sahədə dövlət qurumları, media və din xadimləri arasında koordinasiyalı əməkdaşlıq vacibdir. Birgə fəaliyyət yad ideoloji təsirlərə qarşı cəmiyyətin immunitetini gücləndirə bilər. Yeni formada qurulan bu əməkdaşlıq dini təhlükəsizliyin təmin olunmasına və ictimai sabitliyə töhfə verəcək.
Tədbir panel müzakirələrlə davam edib.
Forumun “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”, “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzularına həsr olunan panel müzakirələrdə dini sahədəki siyasətin əsas istiqamətləri və aktual məsələləri müzakirə olunub.
Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Yaqut Ağaşahqızı, “İki sahil”
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar