Bakı Ekspo Mərkəzində sayca 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") öz işinə başlayıb.
Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 45 ölkədən 447 şirkət iştirak edir. Eyni zamanda, Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya sərgilərdə milli qruplar formatında təmsil olunaraq kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edirlər. Bu il sərgilərdə Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatı (AFAZ) ayrıca stendlə iştirak edir.

Sərgidə Kənd Təsərrüfatı Nazirliyi geniş və çoxşaxəli konsepsiya əsasında hazırlanmış stendlə çıxış edir. Nazirliyin stendində aqrar sahədə dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri, innovativ texnologiya və layihələr, rəqəmsal həllər, müasir soyutma sistemləri və avadanlıqları, çiləyici və multispektral dronlar, azad edilmiş ərazilərdə fəaliyyətə başlayan təsərrüfatların kənd təsərrüfatı məhsulları, heyvandarlıq və bitkiçilik məhsulları, arıçılıq məhsulları, startap təşəbbüsləri və regionlarda həyata keçirilən aqrar biznes festivalları nümayiş olunur. Sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri də təqdim olunur. Stenddə fermerlərin, sahibkarların və digər sərgi ziyarətçilərinin aqrar sahədə mövcud dəstək alətləri barədə məlumatlandırılması məqsədilə müxtəlif dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı təmin edilib.
Bu il “Caspian Agro” sərgisi zamanı bölgələrdə keçirilən Aqrar Biznes festivalları çərçivəsində sıx əməkdaşlıq edilən Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilk dəfə olaraq ayrıca stendlərlə təmsil olunurlar. Sərgidə regionların kənd təsərrüfatı potensialının təqdimatına da xüsusi yer ayrılıb. Eyni zamanda, aqrar sahədə fəaliyyət göstərən sahəvi assosiasiyalar da ilk dəfə ayrıca stendlərlə sərgidə iştirak edirlər. Sərgidə aqroparkların iştirakı da diqqət mərkəzində saxlanılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bazarlara çıxışını genişləndirmək, satış imkanlarını artırmaq, məhsul və xidmətlərinin tanıdılmasına dəstək məqsədilə Agentlik bu il də sərgidə xüsusi stendlə təmsil olunur. KOBİA-nın stendində KOB-lar tərəfindən istehsal olunmuş qənnadı məmulatları, şokolad, ət məhsulları, bal, zəfəran, pendir kimi məhsullar və xidmətlər nümayiş olunur. Ümumilikdə Agentliyin stendində 10-a yaxın KOB subyekti dövlət dəstəyi hesabına məhsul və xidmətlərini sərgiləyir. Həmçinin stenddə KOB subyektlərinə yeni biznes əlaqələri qurması və işgüzar görüşlər keçirməsi üçün lazımi şərait yaradılıb.

Ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”də Bakı Ekspo Mərkəzində təşkil edilən ənənəvi qida sənayesi və kənd təsərrüfatı sərgilərində iştirak edir. Sərgidə 3 fərqli istiqamət üzrə çıxış edən “Azərsun Holdinq” qida və qeyri-qida sahələri ilə yanaşı, kənd təsərrüfatı istiqamətində də məhsullarını təqdim edir. Şirkətin müxtəlif müəssisələrində istehsal olunan onlarla məhsul “Made in Azerbaijan” brendi altında dünyanın 40-dan çox ölkəsinə ixrac olunur. Bununla bərabər, şirkətlər qrupuna məxsus AKKİK stendində ziyarətçilərə kağızın təkrar emalı nəticəsində istehsal edilən karton məhsulları nümayiş etdirilir.
Qeyd edək ki, sərginin ilk günündə Prezident İlham Əliyev “Azərsun Holdinq”in kənd təsərrüfatı stendini ziyarət edib. Şirkətin Müşahidə Şurasının sədri Tahir Gözel dövlət başkısına son bir il ərzində görülən işlər barədə məlumat verib.

“Agro Dairy” şirkəti 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week” çərçivəsində öz stendində “Torpaqdan süfrəyədək” inteqrasiya olunmuş fəaliyyət modelini, innovativ texnologiyalarını və müasir kənd təsərrüfatı həllərini təqdim edir. Sərgidə 3 fərqli stendlə təmsil olunan şirkət ziyarətçilərin xüsusi diqqət mərkəzindədir. Burada müxtəlif toxum çeşidləri, “Milla” məhsulları, yem məhsulları və əlavələri, un və soya məhsulları, müasir aqreqatlar nümayiş etdirilir. Açıq hava stendində isə heyvandarlıq nümunələri (simmental buğa, simmental düyə, holstein düyə) sərgilənir. Ziyarətçilər sərgi boyunca həm istehsal və emal prosesləri, həm də aqrar sahədə tətbiq olunan innovativ yanaşmalarla yaxından tanış olmaq imkanı əldə edirlər.
“Agro Dairy” üçün bu sərgi məhsul və xidmətlərin təqdim olunduğu platforma olmaqla yanaşı, eyni zamanda, yeni əməkdaşlıqların qurulduğu, beynəlxalq təcrübə mübadiləsinin aparıldığı və aqrar sektorun gələcəyinə dair baxışların formalaşdığı mühüm görüş nöqtəsidir. Bundan başqa, sərgilər çərçivəsində Azərbaycanın müxtəlif regionlarından olan fermerlər üçün xüsusi stendlər yaradılıb. Masallı rayonundan olan sahibkarlar öz məhsullarını ziyarətçilərə təqdim edirlər.

İştirakçılar arasında öz biznesini effektiv menecment və korporativ idarəetmə prinsipləri əsasında quran “Novex Group” da yer alır. Şirkət nümayəndəsi bildirib ki, “Novex Group”un tərkibinə Qəbələ, Quba və Lənkəran konserv zavodları, “Novex Agro”, “ATS Food” MMC və “Mars Overseas Baku LTD” daxil olmaqla beş istehsal və bir distribusiya müəssisəsi daxildir. Bu müəssisələrdə müasir texnologiyalar tətbiq olunmaqla “Jalə”, “Zolotoy Sad”, “Natura”, “Bağdan”, “Mia”, “I’m Tea”, “Bismak”, “Çörəkçi”, “Chipsim” və digər brendlər altında qida məhsulları, içkilər və un məmulatları istehsal edilir. Şirkətin əsas müəssisələrindən olan “ATS Food” MMC-nin 1999-cu ildə təsis edildiyi və hazırda ölkənin qida sənayesində mühüm mövqeyə malik olduğu qeyd olunub. Müəssisədə 1120 nəfər ixtisaslaşmış işçi çalışır. Gündəlik istehlak məhsullarına olan tələbatın ödənilməsi məqsədilə “Bismak” və “Çörəkçi” zavodları fəaliyyət göstərir.
Qeyd edilib ki, sərgidə nümayiş olunan məhsullar uyğun qiymət, keyfiyyət, gigiyenik qablaşdırma, çeşid müxtəlifliyi və təbii xammaldan hazırlanması ilə seçilir. Eyni zamanda, müəssisədə istehsal prosesinin bütün mərhələlərinə nəzarət edilir, sanitar-gigiyenik normalara riayət olunması təmin olunur və aşkar edilən uyğunsuzluqlar operativ şəkildə aradan qaldırılır. “ATS Food” MMC-nin əsas məqsədi peşəkar komanda vasitəsilə keyfiyyətli məhsulları vaxtında istehlakçılara çatdırmaq və ölkədə hər bir ailənin istehlak səbətində yer almaqdır.

Ölkənin meyvəçilik sektorunda fəaliyyət göstərən “Ran Fruit” MMC də ənənəvi kənd təsərrüfatı və qida sənayesi sərgilərində iştirak edir. Şirkət “Caspian Agro Week” çərçivəsində təşkil olunan sərgidə öz stendində yerli istehsal məhsullarını və yeni meyvə çeşidlərini nümayiş etdirir. Ziyarətçilərə müxtəlif meyvə məhsulları və təamlar təqdim olunur. Bildirilib ki, “Ran Fruit” MMC Quba, Qusar, Nabran, Şamaxı və Şabran ərazilərində yerləşən 500 hektardan çox meyvə bağlarında armud, alma, şaftalı, nektarin, heyva, xurma və gilas yetişdirir. Şirkət müasir kənd təsərrüfatı texnologiyalarından istifadə etməklə keyfiyyətli məhsul istehsalına üstünlük verir. Şirkətin fəaliyyət istiqamətlərinə sənaye üsulu ilə bağçılıq və meyvəçilik, meyvələrin seçilməsi, çeşidlənməsi, qablaşdırılması, soyuducu anbarlarda uzunmüddətli saxlanılması, eləcə də yeşik və plastik məmulatların istehsalı daxildir.
Regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş “Caspian Agro” sərgisi bu il yeni konseptual yanaşma - “Caspian Agro Week” formatında təşkil olunur. Bu yanaşma çərçivəsində sərgi yalnız məhsul və texnologiyaların nümayişi ilə məhdudlaşmır, sektorun müxtəlif istiqamətlərini əhatə edən forumlar, həmçinin ölkədə fəaliyyət göstərən iri ixtisaslaşmış innovativ təsərrüfatlara təşkil olunan səfərləri özündə birləşdirir. Bu il tədbirin “Caspian Agro Week” formatında keçirilməsi forumlar, panel müzakirələri və işgüzar görüşlər vasitəsilə aqrar sahənin aktual məsələlərinin daha geniş şəkildə müzakirəsinə imkan yaradır. Bu platforma dövlət, özəl sektor, elm və innovasiya nümayəndələri arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edir.
Orxan Vahidoğlu,
Yaqut Aslanova, “İki sahil”
Bakıda “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib
“lll Beynəlxalq Aqrar İnnovasiya Forumu” çərçivəsində panel müzakirələri davam edir
Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankının nümayəndələri arasında görüş keçirilib