24 dekabr 2025 22:49
88

Qərbi Azərbaycan, görüşəcəyik!

Azərbaycan tarixin xəyanətlərinə çox tuş gəlib. Hərdən tarixi hadisələrin gedişinə görə, hərdən milli qarşıdurmalara, müharibələrə görə, hərdən siyasi burulğanların nəticələrinə görə…Ötən əsrdə tarixin Azərbaycana xəyanəti sonunda tarixin özünü də utandırır…

2008-ci il yanvarın 17-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi ki, “...indiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında formalaşıbdır. İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, o da böyük bir səhv idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlamışdır. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişdilər”…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda nitqində bu fikri mahiyyət eyniliyi ilə bir qədər fərqli formatda ifadə etdi, bu, amala, deməli dövlətə, dövlətçiliyə sədaqət kimi səsləndi: “Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır”.

Tarix dünənlərdə yaşananlar deyil, həm də bu gün yaşadılanlardır. Harda yaşanılanlar tarixi müəyyənləşdirir, harda yaşadılanlar tarixin istiqamətini nişan verir. Bu baxımdan xalqımızin zaman anlamında dünənləri də, bu günləri də, sabahları da bilavasitə dünənlərin tarixi ilə bağlıdır. Qərbi Azərbaycanda baş verənlər yüz ildən çoxdu tarixin millətçilik sıxıntılarındadı. Azərbaycan, Azərbaycanla birlikdə Türkiyə o illərdə baş verənlərə siyasi qiymət verilməsinin cəfasını çəkir. Dünya susur. Bilmirmi ki, bu susqunluq bəşəriliyə xəyanətdir?..

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci il martın 29-da 31 mart – Azərbaycanlıların Soyqırım Günü münasibətilə xalqa müraciətində demişdi: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”.

Azərbaycana köçürülmə prosesi təkcə əhalinin yerləşdirilməsi siyasəti deyildi, bu siyasət yaxın-uzaq gələcəkdə milli qarşıdurma yaratma, aborigenləri gəlmələr vasitəsilə sıxışdırma, qırğınlar törətmə, gəlməlikdən yerli olmağa şərait yaratma məqsədi olub. Rus imperiyası ermənilik üçün, ermənilik rus imperiyası üçün vasitə idi. Biri digərinin siyasi kölgəsinə sığınmışdı və bunu sığınan bilirdi, kölgə yiyəsi duymurdu. Bu baxımdan imperiyanın siyasəti ilə erməniliyin eyni niyyətliliyini xatırlatmağa ehtiyac duyulmur. Ermənilik ərazidə məskunlaşmaq istəyirdi, imperiya məskunlaş deyirdi, ermənilik azərbaycanlıları sıxışdırmaq istəyirdi, imperiya sıxışdır deyirdi, ermənilik bu məqsədlə qırğınlar törətmək istəyirdi, imperiya törət deyirdi. Dövrün siyasi, siyasi-hərbi vəziyyəti belə idi. Qərbi Azərbaycanda da, müstəqil dövlət olan Azərbaycan Demokratik Respublikasında da. Orada – İrəvan da tarixən bizim ərazimiz olub. Dövlət başçımız bu amilə də münasibət bildirib: “Tarixi baxımdan da Qarabağ həmişə Azərbaycan torpağı olubdur, bizim torpağımızdır. Yəqin, onu da yaxşı bilirsiniz ki, İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımdan da bu, bizim torpağımızdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il dekabrın 23-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə problem təkcə Qərbi Azərbaycanlıların deyil, Azərbaycan dövlətinin problemi kimi dinlənildi. Dövlət başçımızın görüşdə çıxışı bu problemin təkcə geo-siyasi problem deyil, milli problem olduğunu da xatırlatdı. Görüşdə məlumat vedildi ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan, 1988-1991-ci illərdə qaçqın azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı, saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb, bu işlər də, təşkilatın Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanması da davam etdirilir. Bunlar Qərbi Azərbaycanlıların Vətən duyğularının daha geniş müstəvidə yaşadılmasında etibarlı bir işıq oldu, bu işıq bu gün daha böyük inamla görünməkdədir.

Bu görüş tarixin dünənlərinin hadisə və faktlarına xəlqi mövqedən yanaşmaqla olmuşların siyasi mahiyyətini etiraf etdirməyə, deportasiyaya, qovulmalara, işgəncələrə, əzablara məruz qalanların doğma yurd, doğma ocaq, doğma torpaq amilini doğma ruhda da, gerçək həyatda da yaşatmasını təmin etməkdə tarixi və siyasi bir stimul oldu. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu ə həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”. 

Vətənin o başı, bu başı olmur. Vətən tamlığı ilə Vətəndi. Zamanında siyasi təbəddülatlara görə parçalanmalara məruz qalmış Azərbaycanın bir parçası olan Qərbi Azərbaycanın sərhədlərimizin o üzündə qalması suveren, müstəqil Azərbaycanın problemidir. Dövlət başçımız 2007-ci il martın 9-da Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunda çıxışında bu faktı da təəssüflə, sabahlara inamla xatırlatdı: “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.

Cənab Prezidentimizin hər çıxışı, hər kəlamı Vətənin adından səslənib. Vətənin adından səslənən hər fikir qüdrətdir, inamın qüdrəti isə yenilməz olur. Onun Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı da bu qəbildəndir: “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”...

Dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanın dünyəvi siyasəti tarixi ədalətin bərpasına istiqamətlənib. Dövlət başçımız azərbaycançılıq qətiyyəti ilə bu siyasətin nəticələrinə inamını da ifadə edir. Bu inam mütləq inamdır, müqəddəs inamdır, tarixi inamdır. Bu inam 2024-cü il sentyabrın 30-da Aşıq Ələsgərin abidəsinin açılışında da qürurla səsləndi: “Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması, - mən bunu bilirəm, - Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır…”…

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin vacib tərkib hissəsi olan Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanın Qarabağla bağlı absurd iddialarının dəf edilməsində vacib rol oynamış, Qərbi Azərbaycan məsələsində ədalətin bərqərar olunmasına təkan vermiş, Ermənistanla münasibətlərin normallaşması prosesində insan hüquqları müstəvisində Azərbaycanın mövqeyini daha da gücləndirmişdir.

...Bir atalar sözünü xatırlayıram: “Su axdığı arxdan bir də axar”...

Azərbaycan güclü dövlətdir, dünyanın əksər dövlətləri Azərbaycanın bəşəri siyasətini dəstəkləyir...

Qərbi Azərbaycanımız, görüşəcəyik! Mütləq görüşəcəyik.

Səbinə Xasayeva,
Milli Məclisin deputatı