25 dekabr 2025 15:52
156

“Şuşada tarix yazan dağlar qartalı” kitabının təqdimatı olub

Naxçıvan Texniki Kollecində Vətən müharibəsi şəhidi, qəhrəman leytenant Dünyamalıyev Ceyhunun həyat və döyüş yolundan bəhs edən “Şuşada tarix yazan dağlar qartalı” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Texniki Kollecinin direktoru Asəf Rüşənov bu cür tədbirlərin gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasında mühüm rol oynadığını bildirib, şəhidlərimizin həyat yolunu əks etdirən kitabların vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Təqdimatda Naxçıvan MR Ali Məclisinin deputatı Əjdər Əliyev, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov, şəhid valideynləri və digər çıxış edənlər şəhidlərin adının və xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını, bu cür kitabların gənc nəslin milli ruhda tərbiyəsində mühüm rol oynadığını bildiriblər.

Çıxışlarda şəhid leytenant Ceyhun Dünyamalıyevin xidmət yolu, Vətən müharibəsində, xüsusilə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi qətiyyət və döyüş ruhu diqqətə çatdırılıb.

Kitabın müəllifi Ədalət Cəfəroğlu çıxış edərək əsərin ərsəyə gəlmə prosesindən danışıb, kitabda şəhidin ailə üzvlərinin, döyüş və kursant yoldaşlarının xatirələrinin yer aldığını qeyd edib. Müəllif bu nəşrin Vətən sevgisinin və qəhrəmanlıq ruhunun yaşadılmasına xidmət etdiyini bildirib.

Şəhidin valideynləri Gülnarə xanım və Zeynal bəy çıxışlarında övladları ilə fəxr etdiklərini qeyd edərək tədbirin təşkilinə görə kollecin rəhbərliyinə və kitabın müəllifinə təşəkkür ediblər.

Tədbir Naxçıvan Texniki Kollecinin tələbələrinin hazırladıqları vətənpərvərlik ruhlu bədii kompozisiya ilə davam etdirilib və sonda xatirə şəkli çəkdirilib.

Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi