25 dekabr 2025 23:36
99

Azərbaycan taekvondosu: Uğurlar və gələcəyə strateji baxış

Hikmət Səmədov: Hədəfimiz bu idman növündə kütləviliyi artırmaq, nailiyyətlərimizi möhkəmlətməkdir

Azərbaycan Taekvondo Federasiyası (ATF) son illərdə ölkəmizdə taekvondo idman növünün inkişafı və təbliği istiqamətində sistemli və məqsədyönlü işlər həyata keçirir. Federasiyanın fəaliyyəti həm paytaxtda, həm də regionlarda bu idman növünün kütləviliyini artırmaq, müxtəlif yaş qrupları üzrə milli komandaların hazırlığını gücləndirmək və beynəlxalq yarışlarda uğurlu çıxışlara nail olmaqdan ibarətdir. Hazırda Azərbaycanda 92 taekvondo klubu fəaliyyət göstərir və 3 mindən çox idmançı bu idman növü ilə məşğul olur.

Federasiya həm regionlarda klubların fəaliyyətini gücləndirir, tanınmış məşqçi və idmançılar tərəfindən seminar və master-klasslar keçirilir, həm də beynəlxalq əməkdaşlıqlar vasitəsilə idmançılarımızın texniki-taktiki hazırlığı artırılır. Sosial media və rəqəmsal platformalardan fəal istifadə edərək gənclərin marağını artıran federasiya, eyni zamanda, hakim heyətinin peşəkarlığını yüksəldir. Bu strategiyanın nəticəsi olaraq, Azərbaycan taekvondoçuları bu il beynəlxalq yarışlarda 156 medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər və bu idman növünə olan marağın artdığını nümayiş etdiriblər.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov “İki sahil” qəzetinə müsahibəsində federasiyanın fəaliyyəti, regionlarda bu idman növünün inkişafından, beynəlxalq əməkdaşlıqlardan  və gələcək hədəflərdən geniş bəhs edilir.

- Federasiya tərəfindən son illərdə ölkəmizdə taekvondo idman növünün inkişafı ilə bağlı hansı işlər görülüb?

-Taekvondo ölkəmizdə hər zaman böyük maraq doğuran idman növlərindən biri olub və bu gün də öz populyarlığını qoruyur. Azərbaycan Taekvondo Federasiyası bu növün həm paytaxtda, həm də regionlarda inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Son illərdə federasiyada struktur dəyişiklikləri aparılıb, müxtəlif yaş qrupları üzrə milli komandaların fəaliyyətinə nəzarət gücləndirilib, taekvondoçularımızın beynəlxalq yarışlarda iştirakı, milli yarışların təşkili və digər sahələrdə mühüm işlər həyata keçirilib. Hazırda ölkəmizdə 92 taekvondo klubu fəaliyyət göstərir və 3000-dək uşaq, yeniyetmə və gənc bu idman növü ilə məşğul olur. Ümumilikdə, uşaq, yeniyetmə və gənclərin taekvondo idman növünə cəlb olunması federasiyanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindəndir.

-Mümkünsə, bu il Azərbaycan taekvondoçularının beynəlxalq yarışlarda qazandıqları uğurlar barədə məlumat verərdiniz…

-Məmnuniyyətlə, bu il taekvondoçularımız bir sıra mötəbər yarışlarda uğurla çıxış ediblər. Bütün yaş qrupları üzrə milli komandalarımız Avropa və dünya çempionatları, birincilikləri, eləcə də beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil edərək medallar qazanıblar. Yeniyetmə idmançılarımız Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında 13 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər. Ölkəmizdə keçirilən III MDB Oyunlarında yığma komandamızın üzvləri 4 qızıl, 2 gümüş və 16 bürünc medal qazanıblar. Qeyd edim ki, məhz bu yarışlarda ilk qızıl medal taekvondo üzrə qazanılıb. Eyni zamanda, Avropa birinciliklərində kiçik yeniyetmələr, yeniyetmələr və gənclərdən ibarət komandamız uğurla çıxış edib. Taekvondoçularımız Yunanıstanın Afina şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 1 gümüş, 1 bürünc, kiçik yeniyetmələr arasında keçirilən qitə birinciliyində isə 5 qızıl, 5 gümüş, 5 bürünc medalla ümumi hesabda birinci pillədə qərarlaşıb. İsveçrənin Eql şəhərində gənclər arasında keçirilən Avropa birinciliyində Azərbaycan millisinin üzvləri 2 qızıl, 1 gümüş, 2 bürünc medalla ümumi komanda hesabında oğlanlar arasında birinci yeri tutaraq kuboka layiq görülüb. Yeniyetmələr arasında keçirilən dünya birinciliyində və XVIII Avropa Gənclər Olimpiya Festivalında təmsilçilərimiz bürünc medallara sahib çıxıblar. Böyüklər arasında keçirilən dünya çempionatında milli komandamızın üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı və Avropa çempionu Qaşim Maqomedov bürünc medala yiyələnib. Bu ilin əsas yarışlarından olan VI İslam Həmrəyliyi Oyunlarında Minayə Əkbərova gümüş, Qaşim Maqomedov isə bürünc medal qazanıblar. Ümumilikdə, bu il taekvondoçularımız 156 medal qazanıblar ki, onlardan 53-ü qızıl, 30-u gümüş və 73-ü bürünc medaldır. Uşaqlar, yeniyetmələr və gənclərin əldə etdikləri uğurlar ölkəmizdə taekvondonun davamlı inkişafını və bu idman növünə olan marağın artmasını nümayiş etdirir.

-Regionlarda taekvondonun inkişafı üçün hansı addımlar atılır?

-Regionlarda taekvondonun inkişafı federasiyanın əsas prioritet istiqamətlərindəndir. Bir çox bölgələrimizdə taekvondo klubları və bölmələri fəaliyyət göstərir. Regionlarda fəaliyyət göstərən məşqçi-müəllimlərlə  sıx əməkdaşlıq qurulub. Mütəxəssislərimiz və tanınmış idmançılarımız bölgələrdə seminarlar, master-klasslar keçirirlər. Ölkə çempionatı və birinciliklərində fərqlənən idmançılar milli komandaya cəlb olunur. Bu tədbirlər regionlarda taekvondonun kütləviliyini əhəmiyyətli dərəcədə artırır.

-Xarici federasiyalarla əməkdaşlıq necə aparılır və bu, idmançılarımızın inkişafına necə töhfə verir?

-ATF bir sıra aparıcı ölkələrin taekvondo federasiyaları ilə əməkdaşlıq edir. Birgə təlim-məşq toplanışları, təcrübə mübadiləsi proqramları təşkil olunur. Bu, idmançılarımızın texniki-taktiki hazırlığını gücləndirir və beynəlxalq arenada daha inamlı çıxış etmələrinə şərait yaradır. Məsələn, bu il İordaniya Taekvondo Federasiyası ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə Memorandum imzalanıb. Azərbaycan yığması Türkiyə və Qazaxıstan komandaları ilə təlim-məşq toplanışlarında iştirak edib. ATF nümayəndəsinin Koreyaya səfəri zamanı Pohang Taekvondo Federasiyası ilə birgə layihələr və təcrübə mübadiləsi müzakirə olunub.

-Rəqəmsal texnologiyalar və sosial media taekvondonun gənclər arasında populyarlığını artırmaq üçün necə istifadə olunur?

-Əlbəttə ki, sosial medianın xüsusi önəm kəsb etdiyi dövrdə aktiv fəaliyyətimiz  taekvondonun geniş auditoriyaya çatdırılmasına və bu idman növünə marağın artırılmasına xidmət edir. Federasiya olaraq bu sahədə fəal olmağa çalışırıq. Sosial media platformalarında federasiyanın fəaliyyəti, yarışlar, təlimlər və idmançıların nailiyyətləri müntəzəm paylaşılır. Milli komandalar və tanınmış idmançılar, klubların fəaliyyəti və s. haqqında motivasiyaedici və maarifləndirici kontentlər hazırlanır.

-Qarşıdakı illər üçün federasiyanın əsas strateji hədəfləri hansılardır?

-Əsas məqsədimiz Azərbaycan taekvondosunun dünyada daha da güclü mövqeyə sahib olmasına nail olmaqdır. Hədəfimiz bu idman növündə kütləviliyin artırılması, nailiyyətlərimizin yüksəldilməsidir. Əlbəttə ki, buna görə də kiçik yaş qrupları arasında bu növün inkişafına xüsusi diqqət yetirilir. Yüksək texniki göstəricilərə malik idmançıların aşkar olunaraq milli komandalara cəlb olunması, onların nəzarətdə saxlanılması, regionlarda taekvondonun inkişafı, məşqçi-müəllimlərin peşəkarlığının artırılması federasiyanın əsas strateji məqsədləri sırasındadır. Bütün bu fəaliyyətlərin məqsədi taekvondonun hərtərəfli inkişafını təmin etmək və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdir. Qeyd edim ki, bu il ilk dəfə olaraq deflimpiya üzrə milli komandamız müəyyənləşdirilib, komandaya məşqçilər təyin olunub və təmsilçilərimiz XXV Yay Deflimpiya Oyunlarında iştirak edib. Taekvondonun döyüş növü ilə yanaşı, pumse növü də paralel olaraq inkişaf etdirilir. Uzun fasilədən sonra bu il pumse üzrə ölkə çempionatı yenidən keçirilib. Bu il ISF U15 Gimnaziada İdman Oyunlarında məhz pumse üzrə 3 qızıl medal qazanılıb.

Bununla yanaşı, 2023-cü ildən etibarən taekvondo üzrə milli nümunəvi çıxış komandası (Demo team) yaradılıb ki, onlar da həm yerli, həm də beynəlxalq yarışlarda fəal iştirak edirlər. İdmançılarımızla yanaşı, hakimlərimizin gücləndirilməsi istiqamətində də işlər davam etdirilir. Qadın və kişilərdən ibarət hakimlərimiz ölkəmizi layiqincə təmsil edirlər. Onlar üçün mütəmadi olaraq seminarlar təşkil edilir, beynəlxalq hakimlərimiz ustalıq səviyyələrinin artırılması üçün yenilənmə kurslarında iştirak edirlər. Sevindirici haldır ki, bu il İsveçrənin Eql şəhərində gənclər arasında  taekvondo üzrə keçirilən Avropa birinciliyində və 52-ci açıq Niderland çempionatında beynəlxalq dərəcəli referi Aygül Abdullayeva yarışın ən yaxşı qadın hakimi adına layiq görülüb. Qazaxıstan açıq çempionatında ölkəmizi təmsil edən hakimimiz Seymur Məmmədov kişilər arasında yarışın ən yaxşı hakimi seçilib.  Bununla yanaşı, Türkiyənin açıq çempionatında beynəlxalq dərəcəli hakimimiz Ramal Camalov da yarışın ən yaxşı referisi elan edilib.

Yaqut Ağaşahqızı, “İki sahil”