27 dekabr 2025 21:38
95

Səlahiyyətli nümayəndə: Əhaliyə göstərilən xidmətlərin keyfiyyəti daha da yüksəldiləcək

Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş əsas vəzifələrdən biri yaşayış məntəqələrinin abadlığı və müasir tələblər əsasında inkişafının təmin olunmasıdır.

“İki sahil” xəbər verir ki, bunu Naxçıvan şəhər və muxtar respublikanın rayon icra hakimiyyəti orqanları üçün sifariş verilmiş 31 texnikaya baxış keçirən Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov deyib. Ceyhun Cəlilov bildirib ki, kommunal xidmətlərin inkişafı dövlətin xüsusi diqqətindədir və növbəti ildən bu say artırılacaq, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti daha da yüksəldiləcək.

Məlumat verilib ki, yeni alınmış çoxfunksiyalı yük və su avtomobilləri, yük-sərnişin avtomobilləri, tullantıdaşıyan avtomobillər, avtosəbətlər, qəza-bərpa avtomobilləri, yersüpürən maşınlar, ekskavator-yükləyicilər, buldozerlər, qoşqusu ilə birlikdə traktorlar və kran manipulyator yerlərdə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, ekoloji-sanitar vəziyyətin daha da yaxşılaşmasına öz töhfəsini verəcək.

Yeni gətirilmiş texnikaların 12-si Naxçıvan şəhər, 2-si Şərur, 6-sı Babək, 7-si Ordubad, 2-si Culfa, 1-i Kəngərli və 1-i Şahbuz rayon icra hakimiyyətlərinə təqdim olunub. Növbəti mərhələdə təqdim olunması üçün daha 11 yeni texnika sifariş verilib.

Səlahiyyətli nümayəndə texnikalardan səmərəli istifadə olunmanın zəruruliyini bildirib, regionların müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.