"Öz futbolçularımızı, futbol camiəmizi, xalqımızı təbrik etmək istəyirəm. Belə böyük turnirdə böyük bir addım atdıq. həqiqətən sevindiricidir".
“İki sahil” xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Liverpul"la görüşdən (0:6) sonra "İctimai TV"yə açıqlamasında deyib.
Ağdam təmsilçisi matçda uduzsa da, turnir cədvəlində 10 xalla 22-ci yeri tutub və pley-offa vəsqə qazanıb.
Q.Qurbanov komandasının bu uğurunu belə şərh edib: "Əvvəlki püşkatmaya, 8 oyuna baxsaq, bu yerdə olmağımızı çoxları düşünmürdü. Amma inanın ki, mənim həmişə belə turnirlərdə inamım olub. Daha cəsarətli olmağa, böyük klublara qalib gəlməyə inanaraq gəlmişəm. Futbolçularımız tam əmin oldular ki, böyük futbol, nəhəng komandalar nə deməkdir. Bu gün Liverpulda bunu hiss etdik.
0:6 məğlub olsaq da, çox sevincliyəm. İlk 24-lüyə düşməyin də, bu məğlubiyyətin də böyük faydası olacaq. Bəlkə də 0:1, 0:2 hesabı ilə uduzsaydıq, dərk etməzdik. Amma böyükhesablı məğlubiyyətin faydası olacaq".
O, pley-off mərhələsinin püşkatması haqda da danışıb. "Qarabağ"ın potensial rəqibləri PSJ və "Nyukasl"dır. Q.Qurbanov isə bu barədə deyib: "Fikir bildirmək mənim üçün bir məşqçi kimi çətin olar. Bəlkə də düzgün olmaz. Xeyirlisini Allahdan istəyəcəyik. Hansı azarkeşlərimiz üçün daha faydalıdırsa, zövqlüdürsə, hansı bizim xeyrimizədirsə, o olsun. İstənilən halda bunlar böyük klublardır. Biz oturub püşkdə hansı klubun düşməsini arzu etməməliyik. Hansı düşsə, onunla qarşılaşacağıq".
Qeyd edək ki, pley-offun püşkü sabah atılacaq.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq