10 aprel 2026 18:13
114

Tolerantlığın unikal ünvanına qarşı NÖVBƏTİ QƏRƏZLİ ADDIM

Azərbaycanın dünyada dini dözümlülük və tolerantlıq məkanı olması hər kəsə məlumdur. Müsəlman, xristian, yəhudi, həmçinin digər dini qrupların daşıyıcıları da bu barədə dəfələrlə fikirlərini bilidiriblər və üstəlik vurğulayıblar ki, Azərbaycanda dini zəmində heç bir ayrı-seçkilik yoxdur. Onların arasında Papa II İoann Pavel və Papa Fransisk, Əl-Əzhər Əl-Şərifin Böyük İmamı və Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib və digər nümayəndələr yer alır. Bu mənada demək olar ki, bizim tolerantlığımız insan haqlarından, dini etiqada azadlığından dəm vuran dünyanın bir sıra ölkələrinə nümunə ola bilər. Amma görünür ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası (BDAK) bundan xəbərsizdir. Əgər xəbərdar olsaydı, bu qurum “2026-cı il İllik Hesabatı”nda 2025-ci ildə Azərbaycanda dini vəziyyətin qiymətləndirilməsi ilə bağlı yanlışlıqlara yol verməzdi.

Bəri başdan qeyd edək ki, qeyri-hökumət təşkilatlarının və ya siyasi motivli qrupların, eləcə də erməni lobbisinin təqdim etdikləri məlumatlar əsasında hazırlanmış hesabatda Azərbaycana qarşı guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. Məgər onlar bilmirlərmi ki, Azərbaycan dərin köklü dini tolerantlıq mədəniyyətinin təzahürü kimi, habelə dindaxili və dinlərarası harmoniyaya sadiqliyin nümunəvi məkanı olaraq məscidlərin, kilsələrin və sinaqoqların yan-yana fəaliyyət göstərdiyi ölkələrdən biridir? İcmalarımız gündəlik həyatlarında belə bir tolerant mühitdə yaşayır, hökumət və ya cəmiyyətin hər hansı müdaxiləsi olmadan dini etiqadlarını yerinə yetirirlər. Dini məkanların və ibadət yerlərinin inşasına, mühafizəsinə və bərpasına xüsusi diqqət yetirilir. Azərbaycanda müxtəlif dinlərdən olan xalqların birgəyaşayışı dünyanın, demək olar ki, heç bir yerində yoxdur.

Yeri gəlmişkən onu da vurğulayaq ki, Prezident İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə müraciətlər edir, həm də dövlətimiz onlara maliyyə yardımı göstərir. Hər il təkrarlanan bu yardımlar Azərbaycan dövləti və xalqı haqqında yüksək fikir formalaşdırır. Bu da ölkədə sivil birgəyaşayış normalarına həssas münasibətin mövcudluğuna dəlalət edir. Bütün bunlar isə o deməkdir ki, bu gün dini konfessiyaların fəaliyyəti üçün bərabər şəraitin yaradılması ölkə Prezidentinin daxili siyasətinin prioritet istiqamətlərindən biridir.

Azərbaycandakı Dini Konfessiya rəhbərlərinin ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) “2026-cı il İllik Hesabatı”nda 2025-ci ildə Azərbaycanda dini vəziyyətin qiymətləndirilməsi ilə bağlı istinadlara dair bəyanatında bildirildiyi kimi, bu fəaliyyətlər yalnız məscidləri əhatə etmir. Bakıda Müqəddəs Məryəm katolik kilsəsinin yenidən qurulması və mühafizəsi, Müqəddəs II İoann Pavelin şərəfinə ikinci katolik kilsəsinin davam edən inşası, Kafedral Pravoslav Kilsəsinin bərpası, Zərdüştlük məbədinin yenidən qurulması, Kiş məbədinin bərpası qismində digər dinlərin ibadət məkanlarını da əhatə edir. Regionun ən böyük sinaqoqunun Azərbaycanda olması da danılmaz faktdır. Cəmiyyətimizin dini plüralizmə və inklüzivliyə hörmətinin təzahürü kimi İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin ilk toplantı evi 2025-ci ildə Azərbaycanda açılıb. Təəssüf ki, Azərbaycan hökumətinin bu səyləri hesabatda əks olunmayıb. Yeri gəlmişkən, Bakıda yerləşən erməni kilsəsi də təmir edilib.

Digər tərəfdən, BDAK-ın hesabatında Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində bütün tarixi və mədəni abidələrinə fərq qoyulmadan təmir və bərpa səylərinin yanlış təqdim edilməsi xüsusilə təəssüf doğurur.  Halbuki Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurdakı 67 məsciddən 65-i tamamilə, 2-si qismən dağıdılaraq yararsız hala salınmışdı. Amma BDAK hesabatında bu faktlara, ümumiyyətlə, yer ayrılmayıb.

Yeri gəlmişkən, “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu, eyni zamanda, Romada, Parisdə bir sıra dünya əhəmiyyətli dini abidələrin bərpasına töhfələrini verib. Görəsən, bütün bunları görməzdən gələn BDAK-a nə ad vermək olar?

Qvami Məhəbbətoğlu, “İki sahil”