14 aprel 2026 18:20
278

Yeni Azərbaycan Partiyasının üzvləri üçün Çin dili kursunun açılış mərasimi keçirilib - FOTO

Aprelin 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşəbbüsü ilə partiya üzvləri üçün Çin dili kursunun açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Çin səfirliyinin nümayəndələri, Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təmsilçiləri, partiyanın Gənclər Birliyinin üzvləri, Mərkəzi Aparatın və yerli təşkilatların əməkdaşları iştirak ediblər.

Tədbirdən öncə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib. Səfir Lu Mey regionda yaranmış hərbi münaqişə fonunda Çin vətəndaşlarının İrandan təxliyəsində göstərilmiş yüksək dəstəyə görə Azərbaycan tərəfinə, şəxsən Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib, bunu ölkələrimiz arasında dostluq münasibətlərinin növbəti təzahürü kimi qiymətləndirib. Görüşdə YAP ilə Çin Kommunist Partiyası arasında imzalanan Əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin uğurla icra edildiyi bildirilib, nəzərdə tutulan tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Çin mədəniyyətinin ayrılmaz hissəsi olan qədim çay ənənəsi və xəttatlıq sənəti nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Çin dili kurslarının Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin mahiyyətinə uyğun olaraq təşkil edildiyini diqqətə çatdırıb.

YAP Sədrinin müavini qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində müstəqil, konstruktiv və prinsipial siyasəti ilə seçilən Azərbaycan ilə Çin arasında əməkdaşlıq qarşılıqlı etimada əsaslanır və dövlət başçılarının siyasi iradəsi sayəsində ildən-ilə daha da möhkəmlənir. Onun sözlərinə görə, qlobal xarakterli yeni təhlükəsizlik çağırışlarının meydana çıxdığı və geosiyasi transformasiyaların baş verdiyi bir dövrdə ölkələrimiz arasında çoxşaxəli əlaqələrin davamlı inkişafı milli maraqların təmini baxımından müstəsna önəm daşıyır: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə rəsmi dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan irəli gələrək çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir. Bu xüsusda elm, təhsil, humanitar və mədəni sahələrdə gerçəkləşdirilən təşəbbüslər fəal siyasi dialoq şəraitində xalqlarımız arasında qarşılıqlı anlaşmaya əsaslanan dostluğun daha da möhkəmlənməsinə xidmət edir. Bu prosesdə dövlətlərarası münasibətlərin önəmli tərkib hissəsi kimi iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əməkdaşlıq əlaqələrinin mühüm rolu vardır”.

Tahir Budaqov bildirib ki, 2024-cü ilin noyabrın 13-də partiyalarımız arasında imzalanmış Əməkdaşlıq memorandumundan irəli gələrək məqsədyönlü tədbirlər uğurla davam etdirilir: “Yeni Azərbaycan Partiyasının üzvləri üçün Çin dili kursunun təşkili də mədəni-humanitar əlaqələrin gücləndirilməsi və dostluq körpülərinin genişləndirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Bu, partiya fəallarının kommunikasiya imkanlarının artırılması, qarşılıqlı fikir və təcrübə mübadiləsinin intensivləşməsi xüsusunda olduqca önəmlidir”.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, süni intellekt texnologiyalarının sürətli inkişafı, rəqəmsallaşmanın həyatın, demək olar ki, bütün sahələrinə nüfuz etməsi qlobal miqyasda yeni çağırışlar meydana çıxarıb: “Bu kontekstdə texnoloji tərəqqinin aparıcı mərkəzlərindən olan Çin Xalq Respublikasının dünya iqtisadiyyatında və sivilizasiyalararası dialoq prosesində güclənən mövqeyi Çin dilinin beynəlxalq ünsiyyət vasitəsi kimi əhəmiyyətini daha da artırır. Ona görə də bu dilin öyrənilməsi qlobal iqtisadi proseslərə daha yaxından inteqrasiya olunmağa, biznes əlaqələri, investisiya mühiti və texnoloji tərəfdaşlıq sahələrində layihələrin səmərəli icrasına əlverişli zəmin yaradır. Xüsusilə, gənc nəslin, o cümlədən partiya fəallarının bu istiqamətdə biliklərinin artırılması onların beynəlxalq platformalarda aktiv təmsil olunmasına, müasir çağırışlara adekvat olaraq ölkəmizin maraqlarını effektiv şəkildə müdafiə etməsinə xidmət göstərir. Fürsətdən istifadə edərək, bu təşəbbüsün həyata keçirilməsinə verdiyi dəstəyə görə Çin Xalq Respublikasının ölkəmizdəki Səfirliyinə, şəxsən səfir Lu Meyə təşəkkürümü bildirir və bütün iştirakçılara uğurlar arzulayıram. Əminəm ki, gələcəyə hesablanmış bu önəmli təşəbbüs əməkdaşlıq imkanlarını genişləndirməklə bir çox müştərək hədəflərin reallaşmasına təkan verəcək, partiyalar və ölkələrarası münasibətlərin davamlı inkişafına xidmət göstərəcəkdir”.

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey iki ölkənin liderləri tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Çin-Azərbaycan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. O bildirib ki, Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası əldə olunmuş razılaşmalara uyğun qarşılıqlı fəaliyyəti uğurla davam etdirirlər: “Partiya və dövlət idarəçiliyi sahəsində fəal təcrübə mübadiləsi aparılır ki, bu da ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə inkişafına mühüm töhfə verir”.

Azərbaycanda Çin dilinə marağın artdığını söyləyən səfir bildirib: “Mən Çin dilini sərbəst bilən bir çox azərbaycanlı dostlarla görüşmüşəm. Bir çox gənc Çin mahnılarını böyük ustalıqla ifa edir və ənənəvi Çin incəsənətini mənimsəyir. Eyni zamanda, Çinin universitetləri və analitik mərkəzləri də Azərbaycanla bağlı tədqiqatları fəal şəkildə davam etdirirlər. 2025-ci ildə 60 mindən çox Çin vətəndaşı Azərbaycana səfər etmişdir. Bu faktlar iki xalq arasında dostluğun və sivilizasiyalararası dialoqun inkişafına sadiqliyin bariz nümunəsidir. Ümid edirik ki, Çin dilini öyrənən partiya üzvləri nəsillər arasında dostluğun möhkəmlənməsinə və ikitərəfli əməkdaşlığın bütün sahələrdə inkişafına töhfələr verəcəklər. Çinin Azərbaycandakı Səfirliyi bundan sonra da bütün zəruri şəraiti yaratmağa davam edəcəkdir”.

Səfir Yeni Azərbaycan Partiyasının üzvləri üçün təşkil olunan kursun Çini daha yaxından tanımaq imkanı yaradacağını əlavə edib.

Daha sonra Konfutsi İnstitutunun tələbələri tərəfindən Çin milli rəqsi və ifalar təqdim olunub.

Tədbirdən sonra Çin dili kursunun ilk dərsi keçirilib.