15 aprel 2026 10:00
242

Azərbaycan oftalmologiyasının zirvəsi - Akademik Zərifə Əliyeva

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 41 il ötür. Bu tarix yalnız bir alimin xatirəsini anmaq günü deyil, həm də Azərbaycan tibb elminin inkişafında müstəsna rol oynamış bir şəxsiyyətin zəngin irsinə nəzər salmaq üçün mühüm fürsətdir. Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açan Zərifə Əliyeva hələ gənc yaşlarından elmə və insanlara xidmət yolunu seçmişdir. Azərbaycan Tibb İnstitutunda aldığı təhsil onun gələcək uğurlarının möhkəm təməlini formalaşdırdı. Təhsilini Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirməsi isə onun elmi dünyagörüşünü daha da genişləndirdi və beynəlxalq elmi mühitlə əlaqələrinin əsasını qoydu.

1949-cu ildən etibarən əmək fəaliyyətinə başlayan Zərifə Əliyeva bütün ömrünü oftalmologiya sahəsinə həsr etdi. Onun fəaliyyətə başladığı dövrdə Azərbaycanda göz xəstəlikləri, xüsusilə traxoma geniş yayılmış və ciddi sosial problemə çevrilmişdi. Belə bir mürəkkəb şəraitdə o, yalnız kabinet həkimi kimi fəaliyyət göstərməklə kifayətlənmədi, respublikanın müxtəlif bölgələrinə səfərlər edərək xəstəliyin yayılma arealını öyrəndi, xəstəlik ocaqlarını müəyyənləşdirdi və əhali arasında maarifləndirici iş apardı. Zərifə Əliyevanın traxoma ilə mübarizə sahəsində həyata keçirdiyi tədbirlər kompleks xarakter daşıyırdı. O, həm müalicə metodlarının təkmilləşdirilməsi, həm də profilaktik tədbirlərin tətbiqi istiqamətində mühüm nailiyyətlər əldə etdi. Bu fəaliyyət nəticəsində traxomanın aradan qaldırılması istiqamətində ciddi dönüş yarandı və xəstəlik tədricən sosial təhlükə statusunu itirdi. Alimin elmi maraqları bununla məhdudlaşmırdı. O, qlaukoma, görmə orqanının iltihabi xəstəlikləri və diaqnostika məsələlərinə xüsusi diqqət yetirirdi. Bununla yanaşı, Zərifə Əliyeva oftalmologiyanın nisbətən az öyrənilmiş sahəsi olan görmə orqanının peşə patologiyasını dərindən araşdıraraq bu istiqamətdə elmi məktəb yaratdı. Kimya və elektronika sənayesinin sürətli inkişafı fonunda bu sahənin aktuallığını düzgün qiymətləndirən alim yeni elmi istiqamətin – peşə oftalmologiyasının əsasını qoydu. Onun təşəbbüsü ilə yaradılan elmi-tədqiqat laboratoriyası bu sahədə aparılan sistemli araşdırmaların mərkəzinə çevrildi. “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda yazdığı doktorluq dissertasiyası bu istiqamətdə fundamental elmi iş kimi yüksək qiymətləndirildi. 1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsinin verilməsi bu uğurların məntiqi nəticəsi idi.
Zərifə Əliyevanın elmi fəaliyyəti yüksək dövlət səviyyəsində də qiymətləndirildi. O, 1980-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görüldü. 1981-ci ildə isə oftalmologiya sahəsində apardığı mühüm tədqiqatlara görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatı ilə təltif olundu. Bu nüfuzlu mükafata layiq görülən ilk qadın alim olması onun elmi nüfuzunun beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə Əliyeva ölkə elminin inkişafında mühüm rol oynayan alimlər sırasında öz layiqli yerini tutdu. Onun müəllifi olduğu monoqrafiyalar, dərs vəsaitləri və elmi məqalələr bu gün də oftalmologiya sahəsində çalışan mütəxəssislər üçün dəyərli mənbə olaraq qalır. Xüsusilə iridodiaqnostika və iridoterapiya sahəsində apardığı tədqiqatlar və yazdığı əsərlər dünya miqyasında bu istiqamətdə ilk fundamental işlərdən hesab olunur.

Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də fəal ictimai xadim kimi tanınmışdır. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyətinin və Oftalmoloqlar Elmi Cəmiyyətinin rəhbər orqanlarında təmsil olunaraq cəmiyyətin müxtəlif sahələrində fəal iştirak etmişdir.

1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edən görkəmli alim 1994-cü ildə Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Bu gün onun məzarı Azərbaycan xalqının dərin ehtiramla ziyarət etdiyi müqəddəs məkanlardan biridir. Akademik Zərifə Əliyevanın həyat yolu elmə sədaqətin, insanlara xidmətin və yüksək peşəkarlığın parlaq nümunəsidir. Onun yaratdığı elmi irs, qoyduğu məktəb və qazandığı uğurlar Azərbaycan tibb elminin inkişaf tarixində silinməz iz qoymuşdur. Zaman keçdikcə bu böyük şəxsiyyətin dəyəri daha dərindən dərk olunur və onun adı Azərbaycan elminin qızıl səhifələrində daim yaşayır.

Bahar Cəfərova
Şirvan şəhər Mərkəzi kitabxanasının Uşaq şöbəsinin böyük biblioqrafı