15 aprel 2026 10:47
162

Azərbaycan millisinin baş məşqçisi: Fasilədən sonra öz oyunumuzu tapdıq

İlk olaraq qələbə münasibətilə komandamı təbrik edirəm.

“İki sahil” xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində Andorraya 3:1 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, matçın ağır keçdiyini bildirib: “Rəqib öz meydanında çıxış edirdi, xal qazanmaq istəyirdi, erkən qolla da hesabı açdı. Ancaq cavab qolunu dərhal vurmağımız işimizi bir az yüngülləşdirdi. Birinci hissədə hesabda önə keçməyə çalışdıq, çox qol vəziyyəti yaratdıq. Əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Fasilədən sonra öz oyunumuzu tapdıq. Məşqlərdə üzərində işlədiyimiz hücum bizə penalti qazandırdı. Qalan dəqiqələrdə nəzarət tam olaraq tərəfimizdə oldu, qızlar rəqibi topsuz saxladılar. Qələbə qazandığımız üçün sevincliyik”.

Baş məşqçi Andorra yığmasına qarşı keçiriləcək növbəti qarşılaşmada da eyni uğuru təkrarlamaq istədiklərini söyləyib: “Artıq səfər matçını unudub, bu komanda ilə Bakıda keçirəcəyimiz görüşə köklənməliyik. Evdəki oyunda da hədəfimiz maksimum nəticə qazanmaqdır”.

Qeyd edək ki, Azərbaycan millisi Andorra yığması ilə aprelin 18-də “Bank Respublika Arena”da qarşılaşacaq.