15 aprel 2026 14:39
373

Aİ-nin Ermənistanda ikinci missiyası olacaq

Avropa İttifaqı (Aİ) Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlılığını gücləndirmək məqsədilə bu ölkəyə missiya göndərəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti məlumat yayıb.

Missiya strateji və praktik məsləhətlər təqdim edəcək, həmçinin aidiyyəti nazirliklərə və təhlükəsizlik qurumlarına dəstək göstərəcək.

Məlumata görə, Brüsseldəki Aİ səfirləri belə bir missiyanın Ermənistana göndərilməsi qərarını bəyəniblər.

Qərarın növbəti həftə Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcəyi gözlənilir.

Missiyanın vəzifələrinə nazirliklərə və təhlükəsizlik orqanlarına məsləhətlər vermək və dəstək göstərmək daxil olacaq. Bu məsləhətləşmələr siyasətin işlənib hazırlanmasına, informasiya ilə xarici manipulyasiyaların, kiberhücumların, eləcə də qanunsuz maliyyə axınlarının aşkarlanmasına və onlara reaksiya verilməsinə yönələcək.

Bundan əlavə, missiya ölkənin hibrid təhdidləri daha effektiv şəkildə aşkarlaması və onlara Aİ metodologiya və standartlarına uyğun cavab verə bilməsi üçün Ermənistanda təhlükəsizlik potensialının inkişafı üçün nələrin lazım olduğunu qiymətləndirməlidir.

Qeyd edək ki, Ermənistan 7 iyun 2026-cı ilə təyin edilmiş parlament seçkiləri ərəfəsində hibrid təhdidlərə qarşı mübarizə məqsədilə Aİ-dən belə bir missiyanın göndərilməsini istəmişdi.