15 aprel 2026 23:11
146

Almaniyanın müdafiə naziri: Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsi prioritet məsələdir

Berlində Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (UDCG) 34-cü nazirlər toplantısı keçirilib.

“İki sahil” xəbər verir ki, Almaniyanın və Böyük Britaniyanın müdafiə nazirləri Boris Pistorius və Con Hilinin həmsədrliyi ilə keçirilən iclasda NATO-nun Baş katibi Mark Rutte və Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorov da iştirak ediblər.

Boris Pistorius çətin hərbi şəraitə baxmayaraq, müqavimətini davam etdirən Ukraynaya davamlı dəstəyin vacibliyini bildirib. Qeyd edib ki, bütün dünyanın diqqətinin Hörmüz boğazı, eləcə də Yaxın və Orta Şərqdəki böhranlı proseslərə yönəldiyi bir vaxtda Ukrayna diqqətdən kənarda qalmamalıdır. Nazir Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsinin mütləq prioritet olduğunu vurğulayaraq, bu məsələnin qəbul edilən yardım paketinin əsas tərkib hissəsi olduğunu deyib.

Böyük Britaniyanın müdafiə naziri Con Hili dünyadakı vəziyyətin sürətlə dəyişdiyinə diqqət çəkərək, artan müharibə və münaqişələrin Ukraynanın mübarizəsini unutdurmamalı olduğunu bildirib. O, qrupun əsas məqsədinin sülh naminə Ukraynanı dəstəkləmək oldğunu və toplantının bu hədəfi bir daha möhkəmləndirdiyini qeyd edib.

Mixaylo Fedorov isə Ukraynanın Təmas Qrupundakı tərəfdaşları sayəsində Rusiyaya qarşı uğurlu müqavimətini qeyd edib və Almaniyanın göstərdiyi fəal dəstəyə görə təşəkkürünü bildirib. O, Ukraynanın Rusiya ilə mübarizədə uğur qazandığını və eyni zamanda, Rusiya iqtisadiyyatına ciddi təzyiq göstərdiyini vurğulayıb.

NATO-nun Baş katibi Mark Rutte tərəfdaşların Ukraynaya davamlı dəstəyini yüksək qiymətləndirib və bunun davam etdirilməsinin vacibliyini bildirib. Baş katib NATO-nun Ankarada keçiriləcək növbəti sammitində Ukraynaya dəstək də daxil olmaqla, bu məsuliyyətin bölüşdürülməsinin müzakirə ediləcəyini deyib.

Qeyd edək ki, Almaniya Ukraynanın dəstəklənməsi sahəsində ön sıralarda yer alır. Müdafiə Nazirliyinin məlumatına əsasən, Rusiyanın Ukraynaya hücumunun başladığı 2022-ci il fevralın 24-dən indiyədək Almaniya Ukraynaya 55 milyard avroluq hərbi yardım göstərib. Təkcə bu il Ukraynaya 11,5 milyard avro həcmində dəstək göstərilməsi nəzərdə tutulur.