Ukrayna G7-nin "Extraordinary Revenue Acceleration for Ukraine" (ERA) təşəbbüsü çərçivəsində Böyük Britaniyadan 752 milyon funt sterlinq (təxminən 1 milyard ABŞ dolları - Qeyd) həcmində sonuncu tranşı alıb.
“İki sahil” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin məlumatında deyilir.
"Təqdim edilən maliyyələşmə təhlükəsizlik və müdafiə sektorunun prioritet ehtiyaclarının təmin edilməsinə yönəldiləcək", – qurumun rəhbəri Sergey Marçenko vurğulayıb.
Xatırladaq ki, 2025-ci il martın 1-də Marçenko və Böyük Britaniyanın Xəzinədarlıq kansleri Reyçel Rivz Ukraynaya müdafiə ehtiyacları üçün 2,26 molyard funt sterlinq (təxminən 3 milyard ABŞ dolları - Qeyd) verilməsi haqqında saziş imzalayıblar.
Ukrayna ümumi həcmi 1,5 milyard funt olan ilk iki tranşı 2025-ci ilin mart və aprel aylarında alıb. Vəsaitlər G7 ölkələrinin ümumi həcmi $50 milyard olan ERA mexanizminin bir hissəsidir. Kredit dondurulmuş Rusiya aktivlərindən əldə edilən gələcək gəlirlər hesabına ödənilir. Maliyyələşmə 30 il müddətinə təqdim edilir.