16 aprel 2026 00:53
127

Anomal yaz Finlandiyada ciddi ekoloji nəticələrə səbəb olur

Finlandiyada qeyri-adi isti və quraq keçən yaz ciddi ekoloji nəticələrə səbəb olur.

“İki sahil” xəbər verir ki, belə hava şəraitindən xüsusilə tozlandırıcılar zərər görür. Belə ki, kəskin istiləşmə və gecə düşən şaxtalar səbəbindən qida tapa bilməyən arı ailələri kütləvi şəkildə məhv olur. Arılar qidanın hələ əlçatan olmadığı şəraitdə aktivləşib, məsələn, söyüd hələ çiçəkləməyib. Bu isə gələcəkdə populyasiyaların azalmasına gətirib çıxara bilər.

“Xüsusilə də su hövzələrində suyun səviyyəsi azalır, torpaq isə daha tez quruyur. Göllərdə suyun səviyyəsi artıq əvvəlcədən qeyri-adi dərəcədə aşağıdır. Vəziyyəti az qarlı qışın qeyri-adi erkən başa çatması daha da ağırlaşdırır və təbiət uzunmüddətli quraqlığa məruz qalır”, – deyə Finlandiya Ətraf Mühit Mərkəzinin tədqiqatçı-professoru Panu Halme vurğulayıb.

Quraqlıq digər canlılara da təsir edir. Qurbağalar çoxalma üçün yeni yerlər axtarmağa məcbur qalır, bəzi balıqlar isə su basmış sahillərin olmaması səbəbindən kürütökmə zamanı çətinliklərlə üzləşir. Suyun temperaturunun artması forel də daxil olmaqla, soyuq su növlərinə təhlükə yaradır.

Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi səbəbindən belə yazlar daha tez-tez müşahidə olunacaq və bu, bir çox növlərin sayının azalmasına gətirib çıxara bilər. Təklif olunan tədbirlər arasında torpaqların qurudulmasının dayandırılması, ekoloji kənd təsərrüfatının inkişafı və təbii ekosistemlərin qorunması yer alır.