Azərbaycan və Ermənistan arasında sülh prosesi təkcə rəsmi müstəvidə deyil, həm də vətəndaş cəmiyyəti səviyyəsində davam etdirilir. Xəbər verildiyi kimi, “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində aprelin 10–dan 12-dək Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qəbələdə növbəti, daha doğrusu, dördüncü görüş keçirilib.
Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli Sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılıb. Görüşdə sülh prosesinin hazırkı vəziyyəti, “Sülh Körpüsü” Təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyət müzakirə olunub. İki ölkə arasında ticarət münasibətlərinin yaranması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinin təmin olunduğu qeyd edilib, Zəngəzur dəhlizi - "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi və bunun bölgədə ab-havanın, bütün bir regionun nəqliyyat mənzərəsinin dəyişəcəyinə xidmət göstərəcəyi bildirilib. Hər iki cəmiyyətdə ictimai gözləntilər və sülh prosesinin vətəndaşlar üçün real nəticələr verməsinin yolları müzakirə olunub. Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyi ilə “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində təşkil olunan dialoqun iştirakçıları sülh prosesinin növbəti mərhələlərində etimadın möhkəmləndirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini ifadə ediblər.
Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi dəfələrlə vurğulanıb. Bütün bunlar bir daha sübut edir ki, regional lider statusunu hərbi, siyasi və iqtisadi müstəvidə bərqərar etmiş Azərbaycan öz strateji yolunda qətiyyətlə irəliləməkdədir. Ermənistana gəldikdə isə… Bəri başdan qeyd edək ki, Ermənistan daxilində sülhə qarşı çıxan revanşist qüvvələrin fəaliyyətini genişləndirməsi, xüsusən parlament seçkisi öncəsi baş nazir Nikol Paşinyan əleyhinə təbliğatın miqyasının böyüməsi regionda sabitlik üçün əsas maneədir. Bu məsələ Ermənistanın vətəndaş cəmiyyətinin fəallarının da diqqət mərkəzindədir.
“Hazırda sülh prosesinə təsir edə biləcək əsas məsələlərdən biri iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqəlidir”. Bu sözləri “Sülh Körpüsü” Təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan İrəvanda keçirilən mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, böyük ölçüdə sülh prosesinin gələcəyi məhz bu amildən asılıdır: “Çünki seçkilərdən sonra sülh və müharibə məsələləri faktiki olaraq Ermənistanda qalib gələn qüvvə tərəfindən müəyyən ediləcək”.
Göründüyü kimi, Koçinyan Ermənistanda revanşist qüvvələrin mövcudluğuna diqqət çəkib və bunu sülh üçün təhlükə kimi dəyərləndirib. Amma Ermənistan cəmiyyətinin fəallığı belə qənaətə gəlməyə əsas verir ki, prosesi pozmağa çalışan qüvvələr sonda uğursuzluğa düçar olacaqlar. Bu məqamda Paşinyanın Ermənistanın sabiq prezidenti Robert Koçaryanın rəhbəri olduğu “Hayastan” blokunu, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” və digər oliqarx Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyalarını nəzərdə tutaraq dediyi bu sözləri də xatırlatmaq yerinə düşərdi: “Ermənistan xalqının iyunun 7-də keçiriləcək parlament seçkilərində “üçbaşlı müharibə partiyası”na səs verməsi üçün heç bir səbəbi yoxdur”. Bu mənada demək olar ki, revanşist qüvvələrin qarşısındakı ən böyük maneə Ermənistan cəmiyyəti, bu cəmiyyətin sülh arzusunda olan insanlar olacaqlar. Unutmayaq ki, sadə ermənilər müharibə olmasını istəmirlər. Buna bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın seçki kampaniyası çərçivəsində Kotayk və Geqarkunik bölgələrində sakinlərlə görüşündə yaşlı vətəndaşın ona yaxınlaşaraq sülhə görə təşəkkür etməsini misal göstərmək olar.
Xatırladaq ki, ötən il oktyabrın 22-də İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə ikitərəfli "dəyirmi masa" təşkil olunub. Daha sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup 2025-ci ilin 21 noyabr tarixində Azərbaycan paytaxtına səfər edib. Üçüncü belə görüş isə bu il fevralın 13-14-də Ermənistanda keçirilib.
Qvami Məhəbbətoğlu, “İki sahil”