17 aprel 2026 19:44
124

Bu oyunlar ciddi təhlükəyə çevrilə bilər

Video oyunları uşaqlarda gizli ürək problemlərini üzə çıxarır

Yeni elmi araşdırma göstərir ki, video oyunları diaqnoz qoyulmamış ürək xəstəlikləri olan uşaqlarda ciddi risk yarada bilər. Tədqiqatın nəticələrinə görə, bu cür hallarda oyun zamanı yaranan həyəcan və adrenalin səviyyəsinin artması ürəkdə ritm pozğunluqlarına səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, bəzi uşaqlar anadangəlmə kardiyak aritmiya (ürək ritminin pozulması) ilə doğulur. Bu vəziyyət müayinələr zamanı aşkar edilmədikdə uzun müddət gizli qala bilər. Belə şəxslər normal həyat yaşasalar belə, müəyyən təsiredici faktorlar nəticəsində qəfil huş itkisi, ürək dayanması və hətta ölüm riski ilə üzləşə bilərlər.

Əvvəllər diaqnoz qoyulmamış ürək problemləri daha çox idman fəaliyyəti zamanı baş verən qəfil ölümlərlə əlaqələndirilirdi. Lakin yeni araşdırma bu riskin video oyunları zamanı da yarana biləcəyini ortaya qoyub.

Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən “The Heart Centre for Children”ın tədqiqatçıları müəyyən ediblər ki, xüsusilə emosional gərginlik, rəqabət hissi və adrenalin artımı bu cür halların yaranmasına gətirib çıxara bilər.

Araşdırmanın nəticələri “Heart Rhythm” jurnalında dərc olunub. Tədqiqat çərçivəsində video oyunları zamanı bayılma problemi yaşayan 22 uşaq faktı qeydə alınıb. Bildirilir ki, bu uşaqların əksəriyyəti hadisə zamanı multiplayer (çoxsaylı oyunçunun iştirak etdiyi) döyüş oyunları oynayıb.

Tədqiqatın aparıcı müəllifi Claire Lawley qeyd edib ki, video oyunları zamanı baş verən bayılma və ya ürək ritmindəki dəyişikliklər ciddi xəbərdarlıq siqnalı ola bilər. Bu cür hallarda vaxt itirmədən tibbi müayinədən keçmək həyati əhəmiyyət daşıyır. Araşdırmanın həmmüəllifi Christian Turner isə bildirib ki, əvvəllər video oyunlarının təhlükəsiz alternativ fəaliyyət olduğu düşünülürdü, lakin əldə olunan nəticələr bu yanaşmanın yenidən qiymətləndirilməsini tələb edir.

Şahnigar Əhmədova, “İki sahil”