Gündəlik həyatda çox vaxt diqqətdən kənarda qalan bəzi simptomlar immun sisteminin zəiflədiyinə işarə edə bilər. Stress, yuxusuzluq və balanssız qidalanma kimi amillər orqanizmin müdafiə mexanizmini zəiflədən əsas səbəblər sırasında göstərilir.
İnfeksion xəstəliklər üzrə türkiyəli mütəxəssis Tuğba Kızılok Ərdoğan bildirib ki, tez-tez xəstələnmə ilə yanaşı, səbəbi bilinməyən halsızlıq və uzunmüddətli yorğunluq da immun sisteminin zəiflədiyini göstərən əsas əlamətlərdəndir. Onun sözlərinə görə, zəif immunitet tez-tez təkrarlanan infeksiyalar (qrip, yuxarı tənəffüs yolu xəstəlikləri, ishal), xəstəliklərin uzun və ağır keçməsi, yaraların gec sağalması, tez-tez herpes (uçuq) yaranması və ümumi enerji çatışmazlığı kimi simptomlarla özünü göstərə bilər.
Mütəxəssis qeyd edib ki, xüsusilə xəstəliklərin qısa müddətdə təkrar etməsi və uzun çəkməsi hallarında səbəblər mütləq araşdırılmalıdır. Eyni zamanda, səbəbsiz arıqlamaq, gecə tərləmək və limfa düyünlərində böyümə kimi əlamətlər də diqqətdə saxlanılmalıdır.
Həkim əlavə edir ki, uzunmüddətli halsızlıq yalnız immunitetin zəifliyi ilə bağlı olmaya bilər. Bu hal anemiya, qalxanabənzər vəz xəstəlikləri, xroniki infeksiyalar, ürək və ağciyər problemləri, eləcə də psixoloji faktorlarla əlaqəli ola bilər. Bəzi hallarda HİV və onkoloji xəstəliklər də immun sisteminin zəifləməsinə səbəb ola bilər. Bundan əlavə, vitamin və mineral çatışmazlığının da immunitetə birbaşa təsir etdiyi vurğulayan mütəxəssis bu səbəbdən diaqnoz üçün qan analizləri və digər tibbi müayinələrin vacibliyini qeyd edir.
İmmun sistemini gücləndirmək üçün sağlam və balanslı qidalanma, kifayət qədər yuxu yatmaq, bol maye qəbulu və stresin azaldılması həkimin önə çəkdiyi əsas tövsiyələrdir.
Şahnigar Əhmədova, “İki sahil”