17 aprel 2026 18:59
121

AMEA-da professor Cəfər Cəfərovun 95 illik yubileyi qeyd olunub

AMEA-da görkəmli dilçi alim, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Cəfər Cəfərovun anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professorun zəngin elmi irsinə toxunaraq bildirib ki, Cəfər Cəfərov Azərbaycan dilçilik elmində özünəməxsus məktəb yaradan simalardandır. Akademik İsa Həbibbəyli alimin Azərbaycan dilini dünya dilləri ilə müqayisədə, ümumi dilçilik elminin nailiyyətləri ilə vəhdətdə, dərindən tədqiq etdiyini deyib. Qeyd edib ki, alimin tədqiqatlarının zahiri tərəfində ciddi, mükəmməl və fundamental tədqiqatçılıq prinsipləri, daxili qatında isə sarsılmaz Azərbaycançılıq məfkurəsi, vətənpərvərlik və millilik amilləri dayanır. Diqqətə çatdırıb ki, alimin tədqiqat fəaliyyəti və sadiq Azərbaycançılıq mövqeyi onun bütöv şəxsiyyətini və ziyalı obrazını tamamlayır. Akademik İsa Həbibbəyli xatirələrini bölüşərək, Cəfər müəllimin tələbəsi olmuş biri kimi onun obyektivlik prinsipini uca tutduğunu, elmi dəqiqliyi və qayğıkeşliyinin tələbələrinin yaddaşına həkk olunduğunu deyib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxışında professor Cəfər Cəfərovun Azərbaycan dilçiliyində açdığı yeni üfüqlərdən bəhs edib. Alimin bir sıra fundamental tədqiqatlarının – “Nitq hissələrində keçid prosesləri”, “Müasir Azərbaycan ədəbi dilində inkarlığın ifadə vasitələri”, “Nitq hissələrində keçid prosesləri və konversiya” monoqrafiyaları, eləcə də “Müasir Azərbaycan dilinin morfologiyası” kimi dərsliklərinin elmimiz üçün əvəzsiz mənbələr olduğunu bildirib.

Sonra çıxış edən millət vəkili, yazıçı, professor Əlibala Məhərrəmzadə alimin böyük pedaqoq kimi gənc nəslin tərbiyəsindəki müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, professor Cəfər Cəfərov Azərbaycan filologiyasının inkişafına mühüm töhfələr verib və gənc tədqiqatçıların formalaşmasında müstəsna rol oynayıb. Konfransda filologiya elmləri doktoru Baba Məhərrəmli “Cəfər Cəfərovun elmi və pedaqoji fəaliyyəti” mövzulu məruzəsində alimin elmi yaradıcılığı ilə pedaqoji ustalığının vəhdət təşkil etdiyini, professorun nəzəriyyəni praktika ilə birləşdirərək dilçilik elminin tədrisində yeni standartlar müəyyənləşdirdiyini bildirib. Professor Sayalı Sadıqova “Cəfər Cəfərovun yaradıcılığında morfologiyanın aktual problemləri” mövzusunda çıxış edərək, alimin  tədqiqatlarının müasir dilçiliyə yeni baxış bucağı gətirdiyini deyib.

Yubiley tədbirində professor İlham Tahirov “Cəfər Cəfərovun yaradıcılığında nitq hissələrində keçid prosesi”, professor İsmayıl Kazımov “Cəfər Cəfərovun yaradıcılığında sintaktik tədqiqatlar” mövzularında məruzələr səsləndiriblər. Qeyd olunub ki, Cəfər Cəfərov Azərbaycanın dilçilik elminin müxtəlif istiqamətlərində tədqiqatlar aparıb, pedaqoji fəaliyyəti ilə yanaşı, ana dilimizin çox mühüm elmi problemlərini tədqiq edib. Zəngin və əhatəli yaradıcılıq erudisiyası ilə fərqlənən alim filologiyamızın müxtəlif nəzəri məsələlərini araşdırıb.

ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, BDU-nun professoru Zahid Cəfərov və digər tanınmış alimlər çıxış edərək professor Cəfər Cəfərovun insani keyfiyyətləri və zəngin yaradıcılıq yolu barədə ürək sözlərini söyləyiblər.

Tədbirin sonunda professor Cəfər Cəfərov Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərinə görə Fəxri fərmanla təltif olunub.