19 aprel 2026 12:00
120

TİO-ya min şagird qatılıb

Türk İnteqrasiya Olimpiadasına Azərbaycandan 1000-ə yaxın şagird qatılıb

Aprelin 17-də keçirilən Türk İnteqrasiya Olimpiadasına (TİO) Azərbaycandan 1000-ə yaxın şagird qatılıb.

İştirakçı sayının yüksək olması layihəyə marağın artdığını və olimpiadanın ölkə üzrə geniş vüsət aldığını göstərir. TİO təkcə bilik yarışı deyil, eyni zamanda türk dünyası arasında inteqrasiyanı gücləndirən platforma kimi qiymətləndirilir.

Məlumata görə, olimpiada iki mərhələdən ibarətdir: seçim mərhələsi (milli raund) və final mərhələsi (qlobal raund). Final mərhələsinin 5, 6, 7 və 8 iyun tarixlərində Azərbaycanda keçirilməsi planlaşdırılır. Həmin mərhələdə 15-dən çox ölkədən məktəblilərin iştirak edərək çempionluq uğrunda mübarizə aparacağı gözlənilir.

Olimpiadada iştirakçılar dörd dildə – Azərbaycan, rus, ingilis və türk dillərində yarışa bilərlər. İmtahan prosesi onlayn formatda təşkil olunacaq.

Yarış iki yaş qrupu üzrə keçirilir: aşağı yaş qrupu (5–7-ci siniflər) və yuxarı yaş qrupu (8–10-cu siniflər). Qaliblər “Qızıl Alma” mükafatı uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, yalnız qaliblərə sertifikat və medallar təqdim ediləcək.

Olimpiadada iştirak ödənişsizdir və bu, daha geniş auditoriyanın prosesə cəlb olunmasına imkan yaradır.

Qeyd edək ki, “Türk dünyası bizim ailəmizdir” ideyası əsasında həyata keçirilən layihə artıq regionda geniş coğrafiyanı əhatə edən təşəbbüslərdən birinə çevrilib.

Türk İnteqrasiya Olimpiadasının icraçısı Hədəf Global şirkətidir.