23 aprel 2026 11:36
132

Həsrət tarix yazdı, Qurban titulunu qorudu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

“İki sahil” xəbər verir ki, Yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub. Millimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurub. Nihat Məmmədli (60 kq) rusiyalı Suner Konunova 6:0 hesabıyla qalib gələrək Avropa üçüncüsü olub. Bu, onun analoji yarışlarda 4-cü (2 qızıl, 2 bürünc) medalı kimi tarixə düşüb.

Həsrət Cəfərov (67 kq) finalda türkiyəli Murat Fıratla güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmadan 7:5 hesabıyla qalib ayrılan Həsrət tarixi uğura imza atıb. Belə ki, 4-cü dəfə Avropa çempionu olan Cəfərov Azərbaycan yunan-Roma güləşində yeni rekord müəyyənləşdirib.

Qurban Qurbanov (82 kq) isə həlledici görüşdə rusiyalı Adlet Tyulbayevlə üz-üzə gəlib. Güləşçimiz 4:2 hesablı qələbəylə titulunu qoruyub.

Bununla da millimiz Avropa çempionatını 5 medalla başa vurub. Xatırladaq ki, ötən gün Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.