24 aprel 2026 13:09
149

VAR sistemi yalnız açıq-aşkar səhvlər zamanı tətbiq olunmalıdır - UEFA prezidenti

UEFA prezidenti Aleksander Çeferin futbol matçlarında hakimlərin qayda pozuntularını şərh etmə tərzini artıq başa düşmədiyini bildirib.

“İki sahil” xəbər verir ki,  o, bu fikirləri Madriddə keçirilən The Forum konfransında səsləndirib.

Çeferin qeyd edib ki, təkcə azarkeşlər deyil, o, özü də bəzi epizodların necə qiymətləndirildiyini anlamaqda çətinlik çəkir. Xüsusilə “əl ilə oyun” kimi hallara toxunan UEFA rəhbəri bunun penalti olub-olmamasının, hərəkətin qəsdən edilib-edilmədiyinin müəyyənləşdirilməsinin çox mürəkkəbləşdiyini vurğulayıb. Onun sözlərinə görə, belə qərarları anlamaq bəzən mümkünsüz görünür.

O, əlavə edib ki, UEFA hakimlərə əsas qərarların meydandakı baş hakim tərəfindən verilməli olduğunu izah etməyə çalışır. VAR sistemi isə yalnız açıq-aşkar səhvlər zamanı tətbiq olunmalıdır. Çeferin bildirib ki, epizodların yoxlanılması uzun çəkməməlidir və bəzi çempionatlarda olduğu kimi oyunun 10–15 dəqiqə dayandırılması düzgün yanaşma deyil.

Qeyd edək ki, Çeferinin çıxış etdiyi tədbir Apollo Sports Capital tərəfindən təşkil olunub. Bu şirkət Madridin Atletiko Madrid klubunun yeni əsas səhmdarı hesab olunur.

Bundan əvvəl Barselona klubu UEFA-ya müraciət edərək Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko”ya qarşı keçirilən ilk oyunda hakimlikdən şikayət etmişdi. Görüş zamanı “Atletiko”nun müdafiəçisi Mark Pubil topa əl ilə toxunsa da, hakim penalti təyin etməmişdi. “Barselona” bu qərarın oyunun nəticəsinə təsir etdiyini iddia etsə də, UEFA şikayəti qəbuledilməz sayaraq rədd edib. Cavab oyunundan sonra isə katalon klubu hakimliklə bağlı yenidən şikayət verib.