Portuqaliyanın "Benfika" klubunun yarımmüdafiəçisi Canluka Prestianni UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Real"ın (İspaniya) hücumçusu Vinisius Juniora qarşı homofob xarakterli təhqirə yol verdiyi üçün cəzalandırılıb.
“İki sahil” xəbər verir ki, qurumun Etika və İntizam Müfəttişinin araşdırmasından sonra oyunçuya qarşı intizam işi açılıb.
Nəticədə UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı C.Prestianniyə klub və ya milli komanda səviyyəsində keçirilən 6 rəsmi matçda iştirak qadağası qoyub. Cəzanın 3 oyunu qərar qəbul edildiyi tarixdən etibarən iki il müddətinə sınaq müddəti kimi müəyyənləşdirilib. Diskvalifikasiya müddətinə fevralın 25-də keçirilən cavab qarşılaşmasında çəkilən bir oyunluq cəza da daxil edilib.
Bundan əlavə, UEFA qeyd olunan cəzanın dünya miqyasında tətbiq edilməsi üçün FIFA-ya müraciət edib.
Qeyd edək ki, fevralın 17-də keçirilən ilk görüş Madrid klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.