26 aprel 2026 10:56
119

Bu gün güləş üzrə Avropa çempionatına yekun vurulacaq

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, yarışın son günündə Azərbaycanın 5 sərbəst güləşçisi medal görüşünə çıxacaq. Onlardan 4-ü finalda, 1-i isə 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Turan Bayramov (74 kiloqram) Taymuraz Salmazanovla (Slovakiya), Arseni Cioyev (86 kiloqram) İbrahim Kadiyevlə (UWW), Ali Tsokayev (92 kq) Ahmed Batayevlə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevlə (Macarıstan) qızıl medal uğrunda güləşəcək.

Nürəddin Novruz (61 kiloqram) isə Avropa üçüncüsü olmaq üçün Arsen Arutyunyanı (Ermənistan) sınağa çəkəcək.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının hesabında 9 medal var. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.

Qadın güləşçilərdən Jalə Əliyeva (57 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc mükafatın sahibi olublar. Sərbəst güləşdə isə İslam Bazarqanov (57 kiloqram) qızıl, Cəbrayıl Hacıyev (79 kiloqram) bürünc medal əldə edib.