26 aprel 2026 16:07
121

Türk politoloq: Bakı etibarlı diplomatik mərkəzə çevrilir

Ukraynanın Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri sadə ikitərəfli təmasdan kənara çıxaraq, Avrasiya geosiyasətində mühüm dönüş mərhələsinin aydın göstəricisidir. Prezident İlham Əliyevin həm Moskva, həm də Kiyevlə qurduğu balanslı və praqmatik dialoq mühiti Bakını etibarlı diplomatik mərkəz kimi önə çıxarır.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında türk politoloq Nur Tuğba Aktay söyləyib.

O bildirib ki, səfər çərçivəsində müdafiə sənayesi və enerji təhlükəsizliyi də daxil olmaqla bir sıra mühüm sənədlərin imzalanması, əlaqələrin formal çərçivəni aşaraq real strateji tərəfdaşlığa çevrildiyini göstərir. Xüsusilə Volodimir Zelenskinin sülh danışıqları üçün Bakını mümkün platforma kimi dəyərləndirməsi Azərbaycanın balanslaşdırılmış və fəal neytrallıq siyasətinin qlobal miqyasda artan rolunu nümayiş etdirir:”Ukraynanın hava hücumundan müdafiə sahəsində təcrübəsi ilə Azərbaycanın praktik imkanlarının birləşdirilməsi regionda texnoloji əsaslı yeni təhlükəsizlik modelinin formalaşmasına zəmin yaradır. Enerji sahəsində, xüsusilə SOCAR vasitəsilə genişlənən əməkdaşlıq isə enerji marşrutlarının dayanıqlığını və təhlükəsizliyini gücləndirir. Eyni zamanda, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və enerji dəstəyi iki ölkə arasında etimadın möhkəmlənməsində mühüm rol oynayır”.

Nur Tuğba Aktay deyib ki, bu səfər Ukraynanın Cənubi Qafqaz regionunu strateji tərəfdaş kimi qiymətləndirdiyini bir daha təsdiqləyir və Azərbaycanın beynəlxalq münasibətlərdə vasitəçi və sabitləşdirici aktor kimi mövqeyini daha da gücləndirir.”Bu görüş regionda uzunmüddətli sabitlik və yeni təhlükəsizlik arxitekturasının formalaşmasında əhəmiyyətli mərhələ kimi qiymətləndirilə bilər",- deyə türk politoloq əlavə edib.