28 aprel 2026 22:16
99

Eçmiədzin kilsəsinin bəyanatı düşmənçiliyin və dezinformasiyanın təzahürüdür

Azərbaycanın suveren ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma proseslərinin intensiv mərhələyə qədəm qoyduğu bir dövrdə Xankəndi şəhərində iki qanunsuz tikilinin sökülməsi ətrafında yaranan müzakirələr regionda informasiya müstəvisində gərginliyin necə sürətlə artdığını bir daha nümayiş etdirir. Zahirdə lokal xarakter daşıyan bu hadisə əslində daha geniş siyasi, hüquqi və ideoloji kontekstdə qiymətləndirilməli olan məsələdir. Artıq söhbət yalnız şəhərsalma və ya infrastrukturun yenilənməsindən getmir, burada beynəlxalq auditoriyaya ünvanlanan yanaşmaların və mövqelərin toqquşması müşahidə olunur. Bu kontekstdə Eçmiədzin Kilsəsinin 23 aprel tarixli bəyanatı əsassız iddialar üzərində qurulmuş mövqe kimi diqqət çəkdiyi halda, Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) açıqlaması   hüquqi əsaslara və obyektiv yanaşmaya söykənən prinsipial mövqe kimi önə çıxır.

Məsələnin mahiyyəti ilk növbədə hüquqi aspektdən qiymətləndirilməlidir. İşğal dövründə inşa edilmiş tikililərin hüquqi statusu beynəlxalq praktikada açıq şəkildə mübahisəli sayılır. Azərbaycan dövləti bu tikililərin sökülməsini suverenlik və ərazi bütövlüyü prinsiplərinin bərpası kimi təqdim edir və bu yanaşma təsadüfi deyil. Burada əsas istinad nöqtəsi beynəlxalq humanitar hüquq normalarıdır. Bu hüquq sistemi işğal olunmuş ərazilərdə aparılan fəaliyyətlərin legitimliyinə xüsusi yanaşma tələb edir və işğalçı tərəfin həyata keçirdiyi tikinti və dəyişikliklərin hüquqi qüvvəsini tanımır. Bu baxımdan rəsmi Bakının mövqeyi aydındır. Sökülən obyektlər dini və ya mədəni irs nümunəsi deyil, işğal nəticəsində meydana çıxmış qanunsuz tikililərdir və onların aradan qaldırılması tam hüquqi əsaslara söykənir.

Faktları çərçivədən çıxarma cəhdinə cavab…

Məhz bu mərhələdə Qafqaz Müsəlmanlar İdarəsinin bəyanatı hadisənin mahiyyətini daha aydın şəkildə ortaya qoyur. Qurum qarşı tərəfin iddialarını qəti şəkildə rədd etməklə yanaşı, bu iddiaların dezinformasiya xarakteri daşıdığını vurğulayır. Bu, təsadüfi yanaşma deyil, çünki məsələ ətrafında formalaşdırılan bəzi iddialar real vəziyyəti təhrif etməyə yönəlib. QMİ açıq şəkildə bildirir ki, iki tikilinin sökülməsi dini irsin məhv edilməsi kimi təqdim edilə bilməz. Bu yanaşma mühüm əhəmiyyət kəsb edir, çünki o, məsələnin emosional manipulyasiyalardan uzaqlaşdırılaraq hüquqi və faktoloji müstəviyə keçirilməsini təmin edir. Qurumun mövqeyinə görə, burada söhbət dini abidədən deyil, işğalın simvoluna çevrilmiş qanunsuz tikililərdən gedir.

Bəyanatda xüsusi yer tutan digər mühüm məqam tarixi reallıqların xatırladılmasıdır. Azərbaycanın işğal altında qalmış ərazilərində uzun illər ərzində dini və mədəni abidələrin dağıdılması, təhqir olunması faktları beynəlxalq ictimaiyyətə məlumdur. Lakin həmin dövrdə bu məsələlərə adekvat reaksiya verilməməsi bu gün səsləndirilən iddiaların səmimiliyini ciddi şəkildə şübhə altına alır. Bu baxımdan, indiki etirazların səsləndirilməsi açıq şəkildə ikili standartların təzahürü kimi qiymətləndirilir. Tarixi faktların bu şəkildə gündəmə gətirilməsi isə təsadüfi deyil, bu, mövcud diskussiyada obyektiv yanaşmanın bərpasına xidmət edən mühüm arqumentdir.

Azərbaycanın mövqeyinin əsas dayaqlarından biri də ölkədə formalaşmış dini tolerantlıq ənənəsidir. Tarix boyu müxtəlif dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı Azərbaycan bu gün də həmin ənənəyə sadiqliyini nümayiş etdirir. Konkret faktlar bu reallığı açıq şəkildə təsdiqləyir. Xüsusilə Qazançı kilsəsinin bərpası, eləcə də paytaxtda erməni kilsəsinin dövlət tərəfindən qorunması Azərbaycanın dini irsə münasibətinin praktik ifadəsidir. Bu faktlar göstərir ki, ölkədə dini müxtəliflik təkcə qəbul edilməklə kifayətlənilmir, eyni zamanda,  dövlət səviyyəsində qorunur və dəstəklənir. Bu isə Azərbaycanın multikultural dəyərlərə sadiqliyini açıq şəkildə nümayiş etdirir.

Eyni zamanda, məsələ ətrafında aparılan müzakirələrdə siyasi komponent də açıq şəkildə hiss olunur. Qafqaz Müsəlmanlar İdarəsi Eçmiədzin kilsəsinin bəyanatını regionda davam edən normallaşma prosesinə xələl gətirməyə yönəlmiş addım kimi qiymətləndirir və bunu uğursuz siyasiləşdirmə cəhdi adlandırır. Bu yanaşma məsələnin mahiyyətini daha da aydınlaşdırır: burada söhbət təkcə fərqli mövqelərdən deyil, həm də məqsədli informasiya təsirindən gedir. Belə bir şəraitdə obyektiv və hüquqi əsaslara söykənən yanaşmanın qorunması xüsusi əhəmiyyət kəsb edir.

Postmünaqişə reallığında informasiya mübarizəsi

Bütün bunlar göstərir ki, postmünaqişə dövründə atılan hər bir addım yalnız lokal hadisə kimi deyil, daha geniş geosiyasi və informasiya kontekstində qiymətləndirilməlidir. Xankəndidə qanunsuz tikililərin sökülməsi ətrafında yaranan müzakirələr də bu reallığın bariz nümunəsidir. Burada hüquq, tarix, siyasət və ideologiya bir-biri ilə sıx şəkildə əlaqələnir və müxtəlif tərəflər bu müstəvidə öz mövqelərini əsaslandırmağa çalışır. Azərbaycanın təqdim etdiyi yanaşma isə aydın və prinsipialdır. Suverenliyin tam bərpası, hüquqi legitimliyin təmin olunması və dini tolerantlıq dəyərlərinin qorunması. Məhz bu yanaşma həm daxili ictimaiyyətə, həm də beynəlxalq aləmə ünvanlanan ardıcıl və əsaslandırılmış mövqe kimi çıxış edir.

Nigar Orucova, "İki sahil"