Nəticədə Azərbaycan Avropanın enerji təchizətında mühüm oyunçuya çevirilib
Son 20 ildə ölkəmizə qoyulan 350 milyard dollarlıq investisiya iqtisadi müstəqilliyimizi təmin etmiş və onu qlobal nəqliyyat və loqistika mərkəzinə çevirmişdir. Heç şübhəsiz ki, belə əhatəli investisiya strategiyasından gözləntimiz o olmuşdur ki, ölkənin neftdən asılılığı azaldılsın.
Məlumdur ki, investisiya iqtisadi inkişafın əsas prioritetlərindən biridir. Ona görə də hansı ölkədə ki, investisiya mühiti mövcuddur, oraya yerli və xarici sərmayədarların da marağı artır. Azərbaycan dövləti də investorları cəlb emək üçün önəmli işlər həyata keçirib. Xüsusilə ölkəmizin investisiya cəlbediciliyini artırmaq üçün ciddi islahatlar aparılıb. İlk növbədə bu sahədə qanunvericilik bazası təkmilləşdirilməklə investorlara mane ola biləcək bütün bürokratik əngəllər aradan qaldırılıb. Onların şəffaf və maneəsiz fəaliyyəi üçün antikorrupsiya tədbirləri gücləndirilib.
Bundan başqa, dövlətə məxsus şirkət və müəssisələrin, habelə dövlət payına malik sahibkarlıq subyektlərinin vahid prinsiplər əsasında idarə edilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə «Azərbaycan İnvestisiya Holdinqi» yaradılıb. Ən başlıcası isə invesitisiya mühiti üçün önəmli hesab edilən «bir pəncərə» sistemi yaradılıb. Bu sistemlə Azərbaycanda sahibkarlıq subyektlərinin «bir pəncərə» sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilmişdir.
Burada digər önəmli məsələ ondan ibarətdir ki, sözügedən xarici kapital Azərbaycanı Avropanın enerji təchizatında mühüm oyunçuya çevirmişdir. Əsas investisiya sahəsi neft-qaz sektoru olsa da bu vəsaitlər təkcə hasilata deyil, həm də mürəkkəb boru kəməri sistemlərinin qurulmasına yönəldilmişdir. Məsələn, Cənub Qaz Dəhlizinin ümumi dəyəri təxminən 40 milyard dollardır Bu, xarici və birgə investisiyaların ən ümdə nümunəsidir. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin ümumi büdcəsi 4,7 milyard dollar təşkil etmişdir. TANAP - təxminən 8 milyard dollarlıq investisiya ilə ərsəyə gəlmişdir. TAP isə 4,5 milyard avro dəyərindədir və Azərbaycan qazının ilk dəfə İtaliya, Yunanıstan və Albaniya bazarlarına çıxışını reallaşdırmışdır.
Qeyd edək ki, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır ki, bu da qoyulan investisiyaların strateji əhəmiyyətini göstərir. Prezident İlham Əliyevin latviyalı həmkarı ilə Azərbaycan- Latviya biznes–forumunda bildirdiyi kimi, biz ən böyük hasilatçı və ixracatçı deyilik, bizdən daha böyük oyunçular var. Lakin boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə biz birinciyik.
Ölkəmiz bu gün Avrasiyanın əsas logistik mərkəzidir. Təkcə 2024-cü ilə qədər yolların tikintisi və təmirinə 4,96 milyard manat sərf edilmişdir. Son 20 ildə 15 min kilometrdən çox avtomobil yolu çəkilib. Digər tərəfdən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 3 mərhələli tikintisi üçün təqribən 870 milyon manata qədər vəsait xərclənib. 2024-cü ilin sonunda limanın gücünü 25 milyon tona çatdırmaq üçün əlavə 20 milyon manat ayrılıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə gəldikdə isə ümumi dəyəri 600 milyon dollardan çox olan bu yol regionda qarşılıqlı ticarət əlaqələrinin güclənməsində əsas amildir.
Həmçinin yaşıl enerji sahəsi də ölkəmizin investisya yatırdığı digər mühüm məsələdir. Bu istiqamətdə strateji hədəf 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrinin payını 30 faizə yüksəltməkdir. Məsələn, Qaradağda inşa olunan 230 MVt gücündə Günəş Elektrik Stansiyası xarici investisiyanın real təzahürü kimi çıxış edir. 262 milyon dollarlıq sərmayə ilə reallaşdırılan bu layihə Azərbaycanın yaşıl enerji xəritəsində mühüm yer tutur. Eyni zamanda, Xızı-Abşeron külək elektrik stansiyası da ölkənin enerji balansında yeni mərhələnin başlanğıcını simvolizə edir. 240 MVt gücə malik bu layihəyə yönəldilən 286 milyon dollarlıq investisiya alternativ enerji sektoruna artan beynəlxalq marağın göstəricisidir. 262 milyon dollarlıq sərmayə yatırılıb.
Enerji sektorundakı bu dinamika sənaye sahəsində də paralel şəkildə müşahidə olunur. Ölkə üzrə fəaliyyət göstərən sənaye parkları və məhəllələrə indiyədək 8,1 milyard manatlıq investisiyanın yönəldilməsi qeyri-neft sektorunun inkişafına verilən xüsusi məsələdir. Burada aparıcı mövqeni isə 5,5 milyard manatlıq investisiya həcmi ilə Sumqayıt Kimya Sənaye Parkı tutur.
Təkcə son 5 ilin iqtisadi panoramına nəzər saldıqda aydın görünür ki, Azərbaycan qlobal investisiya xəritəsində mövqeyini ardıcıl şəkildə möhkəmləndirir. Bu dövr ərzində ölkə iqtisadiyyatına ümumilikdə 29,3 milyard dollarlıq birbaşa xarici investisiyanın cəlb olunması iqtisadi etimadın və strateji sabitliyin göstəricisi kimi diqqət çəkir.
Ölkəmizə yönələn birbaşa xarici investisiya axınında əsas pay Birləşmiş Krallığa məxsusdur. 2020–2024-cü illər ərzində bu ölkədən Azərbaycan iqtisadiyyatına 8,63 milyard dollarlıq sərmayə daxil olub ki, bu da iqtisadi əlaqələrin dərinliyindən xəbər verir. İnvestisiya sıralamasında ikinci pillədə qardaş Türkiyə qərarlaşıb. Son 5 ildə Türkiyədən ölkəmizə yönələn birbaşa investisiyaların həcmi 5,03 milyard dollara çatıb. Üçüncü sırada yer alan digər türk dövləti – Şimali Kipr isə 2,91 milyard dollarlıq investisiya ilə Azərbaycanın iqtisadi inkişafında iştirak edən əsas tərəfdaşlardan biri kimi ön plana çıxır.
Azərbaycana yatırılan investisiyalara paralel olaraq ölkəmizin də xarici ölkələrə vəsait qoyuluşu irihəcmlidir. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) «Qlobal İnvestisiya Hesabatı»nda qeyd edilir ki, 2000-2024-cü illər ərzində Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiyaların həcmi 29 milyard 876 milyon ABŞ dolları təşkil edib.
Elçin Zaman, «İki sahil»