29 aprel 2026 16:50
252

Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır - TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda bir daha vurğuladı ki, bu gün  Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır

Bu gün Azərbaycan dayanıqlı iqtisadi tərəqqisi, təkmil inkişaf modeli ilə dünyanın  diqqətindədir. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bugünkü uğurlarında əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin  dünya təcrübəsinə əsasən səsləndirdiyi “Heç bir ölkə  beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar biləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur, eyni zamanda,  ölkəmizin  iqtisadi siyasətində, beynəlxalq əməkdaşlığında əsas prinsip kimi öndə dayanır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası həm neft-qaz, həm də qeyri-neft sektorunda  uğurlara yol açıb.  Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələri Avropanın enerji təminatında mühüm rol oynayır və bu layihələr qitənin enerji təhlükəsizliyinə ciddi töhfə verir. Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, eyni zamanda, enerji təhlükəsizliyinin təminatçısıdır. Azərbaycanın enerji strategiyası  yeni mərhələyə qədəm qoyub.  Yaşıl enerjiyə keçid  hazırkı dövrün əsas çağırışıdır. Bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr ölkəmizin gələcək perspektivlərini açıqlayır.  Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilərək, bu bölgələrdə irəlü sürülən təşəbbüslər Azərbaycanın Avropaya alternativ və ekoloji cəhətdən təmiz enerji ixrac etmək potensialını artırır.

Azərbaycanın bugünkü uğurları keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi, respublikamıza iqtisadi və siyasi dividend gətirən «Əsrin müqaviləsi»nin imzalanması illər keçdikcə ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsinə yol açan enerji layihələrini icra etməklə neftlə yanaşı, qaz ixracatçısı kimi də nüfuz qazandı. Bu layihələr Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 350 milyard dollardır. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir.

Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.» Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik? Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir.

İqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev bu mühüm məqamı diqqətə çatdırır ki, “Əsrin kontraktı”nın nəticələri sadəcə olaraq Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Neft-qaz amilinin rolundan danışan dövlətimizin başçısı onu da bildirir ki, biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur. Neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir.

Şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində qətiyyət göstərən ölkəmiz davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqdir. Qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayan Azərbaycan xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir. 2030-cu ilədək respublikamızın «yaşıl artım» ölkəsinə çevrilməsini və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Perspektivlərin vəd deyil, əməli iş olduğunu təsdiqləyən fakt Ermənistanın işğalından azad edilmiş ərazilərdə yeni generasiya güclərinin yaradılmasıdır. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir.

Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Ən önəmlisi isə odur ki, Cənub Qaz Dəhlizini tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var. Zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir. Ölkəmizin dünyanın enerji xəritəsində möhkəmlənən rolu daha da artacaq.

      Bu günlərdə Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri çərçivəsində Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes-forumu özündə bütün bu məqamları ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyev biznes-forumdakı çıxışında bildirdi ki,  Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır. Ölkə Prezidenti onu da qeyd etdi ki,  bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir. O da qeyd edildi ki, hər hansı sərmayədar üçün potensial sərmayələr sahəsində iqtisadi vəziyyət  vacibdir.  Bu baxımdan cənab İlham Əliyev  Azərbaycanın maliyyə və iqtisadi vəziyyətinin sabitliyini əsaslı şəkildə investorların diqqətinə çatdırdı. Artıq doqquz ildir ki, valyutamız sabitdir. Məzənnə dəyişməz olaraq qalır. 2017-ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir. Bu, hər hansı yerli və xarici potensial sərmayədar üçün mühüm göstəricidir. Əvvəldə də qeyd etdiyimiz kimi, son iyirmi il ərzində Azərbaycana sərmayə kimi 350 milyard ABŞ dolları yatırılmışdır və onun demək olar ki, yarısı xarici tərəfdaşlardan daxil olmuşdur. Müsbət sərmayə iqlimi, əlbəttə ki, əsas hədəf idi. Çünki aydındır ki, sərmayələr olmasa, heç bir iqtisadiyyat inkişaf edə bilməz.

Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Bu inam da səsləndirilir ki,  gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün  müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm  Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan  istifadə etmək imkanlarına sahibik.Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuz  böyük investisiyalar məkanına çevriləcək.    

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-in və dövlət  büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və rifah halının durmadan yaxşılaşdırılması,  orta təbəqənin  formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması insan amilinə verilən  dəyərin təsdiqidir.  Məqsəd odur ki,  insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun,  sosial-iqtisadi sahədə   inkişaf davamlı olsun.

Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin  sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir.   ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Ötən 22  ildən artıq dövr ərzində  iki  milyondan artıq  yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir.  Hazırda  Dünya İqtisadi Forumu  inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq, səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyinin daha qabarıq şəkildə özünü büruzə verdiyini görərik. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev  dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq  ölkə kimi təqdim etməyin vacibliyini bildirir.

Cənab İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda  infrastruktur layihələrinin icrasına da diqqəti yönəltdi. Vurğuladı ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş sahələrində görüləcək  işlər çoxdur. Azərbaycan Dünya Bankı, AYİB, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və Sərmayə Bankı və digər aparıcı maliyyə təsisatları ilə artıq fəal işə başlayıb.  Məqsəd qarşımızda olan mühüm layihələrin icrasında daha çox dinamika yaratmaqdır. Beynəlxalq təcrübəyə gəldikdə,  “Moody's” Reytinq Agentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozlu sərmayə reytinqi səviyyəsinə qaldırıb. Bütün bunlar Azərbaycana pul vəsaitlərinin qoyulması üçün münasib məkan olması barədə investorlara yaxşı işarədir. Birmənalı olaraq, siyasi sabitlik, sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan hər meyar var.

İki ölkə arasında əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir.  Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir.

Sözügedən biznes-forum bütün bu imkanların təqdimatında öz sözünü dedi. Müzakirələrdə neft, qaz, neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfli qaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə geniş perspektivdən nəzər salındı.

Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri, bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcək. «Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır» deyən cənab İlham Əliyev bildirir ki, əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır.

Qeyd edək ki, Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir.

Yeganə Əliyeva, “İki sahil”