06 may 2026 18:45
81

Kaya Kallasın səfərinə sözardı

Rəsmi Bakının xarici siyasət kursu Brüsseli Azərbaycanla daha sıx və çoxşaxəli əməkdaşlığa sövq edir. Bu mənada Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər son illər ardıcıl şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Elə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətinin mayın 5-də Azərbaycana səfəri bunu bir daha sübut edir.

Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın Aİ üçün etibarlı tərəfdaş olduğunu vurğulayan Kaya Kallas ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində də əməkdaşlığın dərinləşdirilməsi üçün potensialın mövcudluğunu diqqətə çatdırıb. Çünki Aİ yaxşı başa düşür ki, Şərqdən Qərbə doğru uzanan ən etibarlı və təhlükəsiz tranzit yolu məhz Cənubi Qafqazdan keçir. Burada da söz sahibi Azərbaycandır. Artıq dünya da etiraf edir ki, bu gün rəsmi Bakının iştirakı olmadan Avrasiyada əsas iqtisadi arteriyaların işləkliyini təmin etmək mümkün deyil.

Mütəxəssislərin fikrincə, Aİ-nin ali rəsmisinin Bakıya səfəri Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropanın enerji xəritəsində Azərbaycanın rolunun möhkəmləndirilməsi baxımından da mühümdür. Bu səfər həm də regionda Azərbaycan tərəfindən yaradılmış yeni reallıqların, ədaləti bərpa etməsinin Qərb, o cümlədən Aİ tərəfindən qəbul edildiyini göstərir. Yeri gəlmişkən, Prezident İlham Əliyevlə görüşdə Azərbaycan-Ermənistan sülh prosesinə də toxunulub, ölkəmizin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar bir daha vurğulanıb. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkəmizin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirilib.  Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyişi tarixi bir fürsət adlandıran Kaya Kallas bu dinamikanı qoruyub saxlamağın vacibliyini vurğulayıb. Söhbət zamanı, həmçinin inkişaf üçün artıq zərurətə çevrilmiş TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı da qeyd olunub. İrəvanda keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirilib.

Bir məsələni də vurğulayaq ki, bir həftə öncə Avropa Parlamenti ölkəmizin əleyhinə yalanlarla dolu qətnamə qəbul etmişdi. Kaya Kallas bu səfəri ilə regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində atılan addımlara qarşı çıxanlara, bölgəni yenidən münaqişə ocağına çevirməyə cəhd göstərənlərə, həmçinin Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatlarla məşğul olan Avropa Parlamentinə tutarlı cavab vermiş oldu. Bununla da o, erməni lobbisinin təsiri altında olan bəzi siyasi dairələrin qərəzli ritorikasına baxmayaraq, Bakı ilə əməkdaşlıq xəttini qorumaqda maraqlı olduğunu nümayiş etdirdi. Bu isə o deməkdir ki, Aİ Cənubi Qafqazda sülh və normallaşma proseslərini dəstəkləməyə davam edəcək. Həm də belə demək olar ki, Kallas iki ölkə arasındakı proseslərə xələl gətirə biləcək fəaliyyətlərə, eləcə də Azərbaycan əleyhinə şantajlara, siyasi baxımdan məsuliyyətsiz yanaşmalara son qoyulmasına çağırış etdi. Bildirdi ki, regionda sabitlik bütün dövlətlərin suverenliyi, təhlükəsizliyi və qarşılıqlı hörmət prinsipləri əsasında təmin oluna bilər.

Yeri gəlmişkən qeyd edək ki, hazırda Aİ-nin 10 üzvü Azərbaycanın “mavi yanacağ”ını idxal edir, ümumilikdə isə tədarük coğrafiyamız artıq 16 ölkəni əhatələyir. Eyni zamanda, Aİ-nin 27 üzvündən 10-u ilə strateji tərəfdaşlıq sənədləri imzalanıb. Bu da o deməkdir ki, Avropanın təxminən üçdəbiri ölkəmizi mühüm perspektivli tərəfdaş kimi görür. Bir məsələni də qeyd edək ki, İtaliya, Macarıstan və digər Aİ ölkələrinin şirkətləri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesində fəal iştirak edirlər. Şübhəsiz, Avropa investisiyalarının bu bölgələrə cəlb olunması hər şeydən əvvəl Azərbaycanın postmünaqişə dövründəki quruculuq modelinə beynəlxalq etimadın və dəstəyin bariz nümunəsidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”