İqtisadiyyat Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib, tədbir çərçivəsində dövlət başçısının sərəncamları ilə təltif olunmuş əməkdaşlara medallar təqdim edilib.
“İki sahil” xəbər verir ki, İqtisadiyyat Nazirliyində Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, Heydər Əliyev Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə güclü iqtisadi və infrastruktur bazası qurulub, milli kadr potensialı formalaşdırılıb və Azərbaycan xammal yönümlü ölkədən qabaqcıl sənaye ölkəsinə çevrilib. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin ən böyük xidmətlərindən biri milli dövlətçiliyin xilası və ölkənin yeni iqtisadi inkişaf modelinin əsasının qoyulmasıdır. 1994-cü ildə böyük transmilli şirkətlərlə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji bazarına inteqrasiyasını təmin edərək iri beynəlxalq investisiyaların cəlb olunmasına şərait yaradıb. Heydər Əliyev müstəqil Azərbaycanın iqtisadi dirçəliş strategiyasını müəyyən edib, iqtisadi fəallığın bərpasına nail olub. Həyata keçirilən islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin olunub, sahibkarlığın inkişafı üçün hüquqi baza formalaşdırılıb, iqtisadi sahələr üzrə inkişaf baş verib, yeni sənaye sahələri yaradılıb.
Qeyd olunub ki, Heydər Əliyevin inkişaf strategiyası müasir dövrdə Prezident İlham Əliyev tərəfindən yeni uğurlarla davam etdirilir. Azərbaycanın iqtisadi gücü və beynəlxalq nüfuzu daha da artıb. Ölkəmiz dünyada önəmli layihələrin təşəbbüsçüsünə, regionun inkişafına və Avropanın enerji təhlükəsizliyinə töhfə verən qüdrətli dövlətə çevrilib.
Ulu Öndərin ölkəmizdə insan kapitalının inkişafı istiqamətində strateji yanaşması da bu gün uğurla tətbiq olunur. Həmçinin dövlət qulluğu sisteminin təkmilləşdirilməsi, bu sahədə yüksək hazırlıqlı kadrların formalaşdırılması diqqət mərkəzindədir.
Tədbir çərçivəsində dövlət başçısının sərəncamları ilə İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib.
Tədbirdə xidmətdə fərqlənən əməkdaşların təltif edilməsinə görə Nazirliyin kollektivi adından ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.