06 may 2026 21:47
83

“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər olub

Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi davam edir.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev sərgi çərçivəsində mayın 6-da Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar, “Aselsan” şirkətinin baş direktoru Ahmet Akyol, “Roketsan” şirkətinin baş direktoru Murat İkinci, “Dearsan” şirkətinin rəhbəri Aziz Yıldırım, həmçinin Vyetnamın Müdafiə Sənayesi Baş İdarəsinin vitse-sədri Duong Van Yen, Oman İnvestisiya Təşkilatının investisiyalar üzrə meneceri və icraçı direktoru Mohamed Al Farsi ilə görüşüb.

Görüşlərdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni imkanların araşdırılması mövzusunda fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı innovativ texnologiyalı məhsulların inkişafı, birgə araşdırma və təcrübə mübadiləsi imkanları diqqət mərkəzində olub.

Beynəlxalq platformalarda iştirakın müdafiə sənayesinin inkişafı, texnoloji yeniliklərin nümayişi və strateji əməkdaşlıq imkanlarının artırılması baxımından önəmli olduğu qeyd edilib, həmçinin kadr hazırlığı, ixtisaslı mütəxəssislərin yetişdirilməsi, sənaye müəssisələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.