07 may 2026 16:51
105

Heydər Əliyevin təhsil siyasəti İsmayıllıda keçirilən tədbirdə geniş müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının qərargahında Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı rayon Təhsil Sektorunun təşəbbüsü ilə İsmayıllı rayon uşaq -gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, ilk öncə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev təhsilə, millətin tərəqqisini və inkişafını təmin edən ən güclü vasitə kimi yanaşıb. O, təhsili yalnız bilik mənbəyi deyil, həm də cəmiyyətin mədəni və mənəvi dirçəlişinin təməl daşı hesab edirdi. Ulu Öndər Heydər Əliyev təhsil sahəsində həyata keçirdiyi islahatlarla yeni nəslin formalaşmasında, onların dünyagörüşünün genişlənməsində və milli ruhda yetişməsində misilsiz rol oynayıb. O, gənclərin intellektual potensialını ölkənin ən dəyərli sərvəti kimi qiymətləndirərək, onların yüksək səviyyəli təhsil alması üçün geniş imkanlar yaradıb, təhsil müəssisələrinin inkişafına və modernləşdirilməsinə xüsusi önəm verib. Bu dərin və uzaqgörən yanaşma sayəsində Ulu Öndər Heydər Əliyev elm və təhsilin yolunu aydınlatmaqla Azərbaycanın gələcəyini təmin edən parlaq şəxsiyyətə çevrilib.

Daha sonra çıxış edən Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, partiya veteranı Valeh Salehov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqıİsmayıllı Rayon komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xuraman Qurbanova,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və  İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Lütviyyə Səftərova çıxış edərək qeyd ediblər ki, Müasir Azərbaycan təhsilinin inkişafı birbaşa “Təhsil millətin gələcəyidir” deyən ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə və təhsilə göstərilən qayğı mühüm yer tutmuşdur. O, təhsili cəmiyyət üçün ən vacib və əhəmiyyətli sahə hesab edirdi. XX əsrin son 30 ilində Azərbaycanın inkişafını göstərən amillər sırasında təhsilin yüksəlişi xüsusilə diqqəti cəlb edir. Məhz bu illərdə xalqın təhsilli olması, ali təhsil ocaqlarının yaranması, insanların ali təhsilə cəlb olunması və s. təhsilin inkişafını göstərən amillərdəndir. Təkcə 1969-1982-ci illərdə Azərbaycanda 700-ə qədər məktəb binası istifadəyə verilmiş, ali məktəblərin sayı 12-dən 17-ə, onlarda təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırılmışdır. Respublikada gərəkli ixtisaslara yiyələnmək üçün gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilməsi Heydər Əliyevin uzaqgörənliyinin göstəricisi idi. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintilərinin aparılması göz qabağındadır. Bircə onu demək kifayətdir ki, prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilmişdir. Bu gün təhsilə ayrılan xərclərin bir neçə dəfə artırılması, məktəblərin yeni avadanlıqlarla və komputerlərlə təchiz olunması, hər bir şagirdin pulsuz dərsliklərlə təmin olunması, Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin 13 milyondan artıq tirajla çap olunub kitabxanalara çatdırılması və s. tədbirlər Heydər Əliyevin apardığı təhsil siyasətinin nəticəsidir.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” III Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalının qalibi olmuş məktəblilərə  xatirə hədiyyələri təqdim edilib, onların hazırladıqları rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.