12 may 2026 20:00
119

Əsas məqsədi ekoloji mühafizə ilə aqrar inkişaf arasında sağlam hüquqi, balanslı tarazlıq yaratmaqdır - Sadiq Qurbanov

Bu gün biz çox vacib bir məsələ haqqında danışırıq: kənd təsərrüfatı təyinatlı torpaqlarda istehsal prosesinə mane olan, aqrotexniki baxımdan fayda verməyən, sahələrin homogenliyini pozan yaşıllıqların hüquqi tənzimlənməsi haqqında. Təqdim olunan qanun layihələri əslində kənd təsərrüfatının gələcəyinə, ərzaq təhlükəsizliyinə və torpaq resurslarından səmərəli istifadəyə yönəlmiş strateji yanaşmadır. Məlumdur ki, müasir kənd təsərrüfatı artıq ənənəvi üsullarla deyil, yüksək texnologiyalar əsasında inkişaf edir. Pivot, damlama və sprinkler suvarma sistemləri, lazerlə torpaq hamarlanması, müasir əkin texnikaları — bütün bunlar sahələrin maneəsiz və düzgün strukturlaşdırılmış olmasını tələb edir. Lakin bir çox hallarda əkin və çoxillik əkmələr altında olan torpaqlarda nizamsız şəkildə yerləşmiş kol və ya ağaclar texnologiyanın tətbiqinə mane olur, məhsuldarlığı azaldır, əlavə yanacaq sərfiyyatına səbəb olur və su itkilərini artırır.

Bu fikirləri Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Sadiq Qurbanov qeyd edib ki, bu layihədə söhbət meşələrin və ya ekoloji əhəmiyyətli yaşıllıqların məhv edilməsindən yox, kənd təsərrüfatı dövriyyəsinə mane olan, istehsal məqsədlərinə xidmət etməyən və sahənin effektiv istifadəsini çətinləşdirən yaşıllıqlardan gedir. Mövcud qanunvericilikdə isə müəyyən hüquqi boşluqlar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkiləri istisna etsə də, praktikada bu yanaşma birmənalı tətbiq olunmur.

Nəticədə vətəndaşlar, xüsusilə regionlarda yaşayan fermerlər, bəzən yalnız yulğun kollarının təmizlənməsinə görə cərimələrlə üzləşirlər. Bu isə həm torpaqdan səmərəli istifadəyə mane olur, həm də kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini ləngidir. Bu barədə 2024 -cu ilin oktyabr ayında mövcud qanunun digər maddələrinə dəyişiklik edilən zaman, biz komitə olaraq bu indiki layihə ilə bağlı da məsələ qaldırdıq və qanunvericilik təşəbbüsü subyektinə məktub ünvanladıq. 25 oktyabr 2024-cü il tarixli cavab məktubunda (e-mail) qeyd edilmişdir ki, “...Milli Məclisin deputatları tərəfindən irəli sürülən yeni təkliflərə  “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbləri nəzərə alınmaqla aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırıldıqdan sonra baxılması məqsədəmüvafiqdir”. Çox gözəl ki, bu gün biz bu layihəni müzakirə edirik.

Komitə sədri vurğulayıb ki, təklif edilən layihənin əsas məqsədi ekoloji mühafizə ilə aqrar inkişaf arasında sağlam hüquqi, balanslı tarazlıq yaratmaqdır. Çünki biz bir mühüm həqiqəti unutmamalıyıq: Ekoloji təhlükəsizlik ilə ərzaq təhlükəsizliyi bir-birini tamamlayan strateji prioritetlərdir. Beynəlxalq təşkilatların, xüsusilə FAO-nun hesabatları göstərir ki, müasir suvarma sistemlərinin tətbiqi su sərfiyyatını 30–50 faizədək azalda bilir. Bu isə su qıtlığının artdığı indiki dövrdə son dərəcə vacibdir. Hesablamalara görə, yalnız 1 hektar sahədə suya qənaət nəticəsində əlavə 0.33 hektar torpağı əkin dövriyyəsinə cəlb etmək mümkündür.

Digər mühüm məsələ karbon emissiyalarının azaldılmasıdır. Müasir texnologiyalar yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır və nəticədə atmosferə atılan karbon qazı təxminən 70 faizədək aşağı düşür. Bunu bir misalda göstərmək istərdim..belə ki, statistik məlumata görə ənənəvi əkinçilikdə 1 hektar sahədə şum, gübrə səpini, diskləmə və səpin kimi əməliyyatların icrası zamanı orta hesabla 38 litr yanacaq sərf olunur və nəticədə atmosferə təxminən 100 kiloqram karbon qazı buraxılır, müasir texnologiyaların tətbiqi ilə bu göstərici 1 hektar üzrə cəmi 19.8 kiloqrama qədər enir. Özünüz müqayisə edin.

Sadiq Qurbanov qeyd edib ki,  bu layihənin qəbulu  kənd təsərrüfatında həm iqtisadi, həm də ekoloji baxımdan yeni mərhələnin başlanğıcı deməkdir. Layihədə təklif olunur ki, yaşıllıqların götürülməsi yalnız aidiyyəti dövlət və bələdiyyə qurumlarının razılığı əsasında həyata keçirilsin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi bu prosesdə əsas hüquqi sənəd olsun. Bu yanaşma həm nəzarəti gücləndirir, həm şəffaflığı təmin edir, həm də sui-istifadə hallarının qarşısını alır.

Bu layihələrin qəbul edilməsi hüquqi islahat olaraq, eyni zamanda Azərbaycanın aqrar gələcəyinə, ərzaq təhlükəsizliyinə və dayanıqlı inkişaf strategiyasına verilən mühüm töhfə olacaq.