12 may 2026 17:44
159

Yüksək nəzakət və intellektuallıq

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Nəzakət Məmmədli yaddaşımda yüksək nəzakətli qadın və intellektual idrak sahibi kimi qalmışdır. Oxuduğum elmi əsərləri və məqalələrində fakt və informasiyadan tutmuş əlyazmaların və digər mətnlərin təqdimatına qədər bütün məqamlarda Nəzakət Məmmədlinin yazdıqlarında təsvirçilik yox, təhlilçilik aparıcıdır. Alimin təhlilləri isə nəzəri yanaşmalardan və intellektual dəyərləndirmələrdən yoğrulmuşdur. Bu mənada fakt və məlumat ədəbiyyat tarixi materialı, yanaşma və dəyərləndirmə isə ədəbiyyat nəzəriyyəsi kimi təqdim olunur. Deməli, filologiya elmləri direktoru, professor Nəzakət Məmmədli ədəbiyyat nəzəriyyəsi ağırlıqlı ədəbiyyat tarixçisi-mətnşünas idi. Etiraf etmək lazımdır ki, bu qəbldən olan ədəbiyyatşünas alimlər çox deyildir.

Qeyd etdiyimiz kimi Nəzakət Məmmədlinin təhlillərində nəzəri təhlillər intellektual fikirlərlə müşayiət olunur. Bu məqamda isə o, elmi düşüncələrini obrazlı fikirlərlə ifadə etməyi bacarırdı. Biz Nəzakət Məmmədlinin şeirlər yazıb-yazmadığını bilməsək də, elmi əsərlərindəki “şairanəlik” onun poetik istedada da malik olduğunu göstərir.

Filologiya elmləri doktoru, professor Nəzakət Məmmədli Azərbaycan ədəbiyyatının qədim dövr və orta əsrlər mərhələsinin tədqiqatçısı idi. Onun üzə çıxardığı əlyazma mətnlərinin əksəriyyəti ilk dəfə Azərbaycanın elm xəzinəsinə daxil olmuşdur. Fəridəddin Ətrarın həyatı və yaradıcılığı ilk dəfə bütün əlyazma mətnləri ilə birlikdə, həm ədəbiyyat tarixi, mətnşünaslıq baxımından və həm də nəzəri şəkildə Nəzakət xanım tərəfindən tədqiq edilib öyrənilmişdir. Onun İmadəddin Nəsimi, Məhəmməd Füzuli haqqındakı araşdırmaları fakt-məlumat yeniliyi və nəzəri təhlilləri ilə səciyyələnir. Ərəb-fars dillərini bilməsi, orta əsrlər xəttatlıq sənətinə bələd olması, müxtəlif xətt növlərini oxumaq bacarığı Nəzakət Məmmədlinin tədqiqatlarının orijinallığını, elmi yeniliyini və əhəmiyyətini daha da qüvvətləndirmişdir. Professor Nəzakət Məmmədli Azərbaycan ədəbiyyatının qədim dövr və orta əsr mərhələsinin bənzərsiz tədqiqatçısı idi.

Bütün bunlarla bərabər, professor Nəzakət Məmmədli həm də yüksək nəzakət sahibi idi. Onu tanıyanların nəzərində Nəzakət xanım alicənablığı, ağırlığı və nəzakəti ilə də unudulmaz bir insana çevrilmişdir.

Nəzakət xanım mənsub olduğu ailənin də, Azərbaycan qadınlığının da, əsl ana kimi övladlarının da qürurunu uca tutmuş və qürurla yaşatmışdır.

Dünyasını vaxtsız dəyişmiş tanınmış alim və yüksək nəzakətə malik qadın ziyalımız professor Nəzakət Məmmədlinin elmi irsi və xatirəsi yaşayır.

İsa HƏBİBBƏYLİ

AMEA-nın prezidenti, akademik