BMT ABŞ və Çin arasındakı ali səviyyəli dialoqu alqışlayır və ümid edir ki, iki ölkənin liderləri qarşıdan gələn şəxsi görüşdən fikir ayrılıqlarını həll etmək üçün istifadə edəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsinin müavini Fərhan Haq brifinqdə ABŞ Prezidenti Donald Trampın Çinə dövlət səfərini şərh edərkən bildirib.
"Biz ABŞ və Çin kimi iki mühüm ölkə arasındakı istənilən dialoqu yüksək qiymətləndiririk və istərdik ki, onlar özlərinin hər hansı fikir ayrılıqlarını həll etmək üçün belə məqamlardan istifadə etsinlər", - F.Haq bildirib.
Çərşənbə günü Amerika lideri Çinə gedib. Səfər çərçivəsində ABŞ Prezidenti Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışıqlar aparacaq.
Ehtimal olunur ki, məsləhətləşmələr zamanı ilk növbədə ikitərəfli ticarət-iqtisadi ziddiyyətlərin həllinə diqqət yetiriləcək. Bundan əlavə, qlobal gündəliyin əsas məsələlərinin müzakirəsi gözlənilir.
Amerika administrasiyasının rəhbəri mayın 15-dək Çində qalacaq.