İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin(4SİM) təşkilatçılığı və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tərəfdaşlığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Ağıllı şəhərlər, dayanıqlı gələcək: Şəhər transformasiyasında süni intellekt və əşyaların interneti” adlı “4SİM Talks” tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə süni intellekt (Sİ), Əşyaların İnterneti (IoT) və digər innovativ texnologiyaların şəhər inkişafında rolu, ağıllı şəhər həlləri, dayanıqlı urbanizasiya və rəqəmsal transformasiya istiqamətində mövcud çağırış və imkanlar müzakirə edilib. Sessiyada dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, özəl sektor təmsilçiləri, akademik dairələr və inşaat və memarlıq sahəsini təmsil edən startapçılar bir araya gəliblər.
4SİM-in icraçı direktoru Fariz Cəfərov bildirib ki, ağıllı şəhər konsepsiyası artıq yalnız texnoloji yanaşma deyil, həm də dayanıqlı inkişaf, vətəndaş rifahı və iqtisadi səmərəlilik üçün strateji prioritetdir. O vurğulayıb ki, WUF13 kimi qlobal platformalar çərçivəsində keçirilən bu cür müzakirələr Azərbaycanın rəqəmsal transformasiya gündəliyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sessiya çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu və Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil edən spikerlər tarixi şəhər mühitində rəqəmsal texnologiyaların tətbiqi, şəhər planlaşdırılmasında süni intellektin rolu, innovativ idarəetmə modelləri barədə təqdimatla çıxış ediblər.
Həmçinin, “Honeywell”, “Digital Residence” və “Sea Breeze” şirkətlərinin nümayəndələri ağıllı infrastruktur sistemləri, enerji səmərəliliyi, təbiət əsaslı həllər və müasir şəhərsalma layihələrində qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüblər.
Tədbir çərçivəsində inşaat sahəsində fəaliyyət göstərən yerli startapların da təqdimatları baş tutub.
Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Elm və sənaye klasteri 4.0” formalaşdırılması təşəbbüsünə xidmət edir.