14 may 2026 13:59
94

Kubada işıqların kəsilməsi ilə bağlı etiraz aksiyası keçirilib - FOTO

Kubanın paytaxtı Havanada elektrik enerjisinin kəsilməsinə qarşı etiraz aksiyaları dalğası baş verib. Küçələrə yüzlərlə insan çıxıb - onlar nəqliyyatın hərəkətini bloklayıb, küçələrdə zibilləri yandırıb, qazan və tavaları döyüb, həmçinin Kuba hakimiyyətini tənqid edən şüarlar səsləndiriblər.

“İki sahil” xəbər verir ki,  bu barədə "Periodico Cubano" məlumat yayıb.

Sakinlər 20 saatdan artıq davam edən fasiləsiz elektrik kəsintilərindən sonra küçələrə çıxıblar. Onlar “İşığı yandırın” və “Birləşmiş xalq heç vaxt məğlub olmaz” şüarlarını səsləndiriblər.

"Reuters" yazır ki, insanlar həmçinin ərzaq və əsas tələbat mallarının çatışmazlığı probleminin həllini tələb ediblər.

Etiraz aksiyaları Havananın 10-dan çox bələdiyyəsində, o cümlədən inzibati binaların qarşısında keçirilib. Ən böyük aksiya Marianao rayonunda baş verib və ona onlarla insan qoşulub. Polis nümayiş iştirakçılarından bir neçəsini saxlayıb.

Kubada elektrik təchizatındakı problemlər yanvar ayında, ABŞ prezidenti Donald Tramp adaya neft tədarükünə görə rüsum tətbiq etməklə hədələdikdən sonra daha da kəskinləşib.