Bakı Qızlar Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş II Respublika Təhsil Forumu çərçivəsində “İctimai-humanitar və təbiət-texniki ixtisaslar üzrə təhsilin müasir hədəfləri” mövzusunda elmi konfrans öz işini davam etdirir.
“İki sahil” xəbər verir ki, forum çərçivəsində 14 may 2026-cı il tarixində bakalavrların elmi konfransı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimova iştirakçıları salamlayaraq forumun və elmi konfransın əhəmiyyətindən danışıb, müəllim və tələbələrə uğurlar arzulayıb. Daha sonra universitetin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova Bakı Qızlar Universitetinin Tələbə Elmi Cəmiyyətinin 2026-cı il üzrə fəaliyyəti haqqında hesabat xarakterli məruzə ilə çıxış edib.
Konfransın plenar iclasında müxtəlif mövzularda elmi məruzələr dinlənilib. Bununla yanaşı, tələbələr də fəal iştirak edərək müxtəlif aktual mövzular üzrə maraqlı təqdimatlarla çıxış edib, elmi fikir mübadiləsi aparıblar.
Konfransın birinci hissəsinin yekunundan sonra iştirakçılar bölmə iclaslarında elmi müzakirələri davam etdiriblər.