15 may 2026 16:00
105

FHN-in Agentliyi Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzinin təqdimat mərasimində təmsil olunub

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı – Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzinin (Caspian Training and Certification Center – CTCC) təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov spiker qismində iştirak edib.

Rəis müavini çıxışında qeyd edib ki, neft-qaz sektoru yüksəkriskli sahə olduğundan təhlükə potensiallı obyektlərdə peşəkar hazırlıq istehsalat təhlükəsizliyinin əsas şərtlərindən biridir. O, vurğulayıb ki, bu sahədə fəaliyyət “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu və FHN-in səlahiyyətləri çərçivəsində tənzimlənir, mövcud normativ baza isə risklərin qiymətləndirilməsi və qəzaların qarşısının alınması üçün hüquqi əsas yaradır. Rəis müavini bildirib ki, texniki təhlükəsizlik üzrə təlimlər sadəcə sertifikat almaq üçün formal proses kimi qəbul edilməməli, risklərin idarə olunması və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması vasitəsi kimi dəyərləndirilməlidir. İsmayıl Nəsirov sonda diqqətə çatdırıb ki, təlimlərin keyfiyyəti tədris proqramlarının normativ tələblərə uyğunluğu, metodiki bazanın səviyyəsi və təlimçi heyətinin peşəkarlığı ilə qiymətləndirilməlidir.

Təqdimat mərasimində sənaye təhlükəsizliyi, əməyin mühafizəsi, risklərin idarə olunması və təhlükəsiz iş mühitinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.