15 may 2026 17:02
105

Şükürbəyli kəndində 635 fərdi ev istifadəyə verilib, müxtəlif sosial obyektlər inşa edilib

Cəbrayıl rayonunun Şükürbəyli kəndində 635 fərdi ev istifadəyə verilib, müxtəlif sosial obyektlər inşa edilib.

“İki sahil” xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil edilən mediatur çərçivəsində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov deyib.

Onun sözlərinə görə, Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə müasir tələblər əsasında hər cür şərait yaradılıb: "Şükürbəyli kəndi 286 hektar ərazidə 1042 ailəlik fərdi yaşayış evi üçün layihələndirilib. Kənddə ilkin mərhələdə iki, üç, dörd və beş otaqlı olmaqla 635 fərdi ev istifadəyə verilib. Kənddə yerli icra strukturları üçün inzibati bina, həkim məntəqəsi, klub-icma mərkəzi, hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası 360 yerlik orta məktəb və musiqi məktəbi inşa edilib. Layihə çərçivəsində kənd daxilində 25 kilometr yol inşa edilib. Bundan əlavə, üç ədəd bir aşırımlı avtomobili körpüsü, iki ədəd piyada körpüsü inşa edilib. Burada həmçinin sosial obyektlər, 350 yerlik klub da tikilib".

V.İmranov qeyd edib ki, kənddə ənənəvi enerji ilə yanaşı, günəş enerjisindən də istifadə olunur: "Həmçinin kənddə 35/10 kV-luq elektrik yarımstansiyası qurulub".

Direktor müavini təbii fəlakətlər zamanı kəndin sel sularından qorunması üçün görülən işlərdən və əhalinin məskunlaşmasından də bəhs edib: "Bir məqamı da nəzərinizə çatdırım ki, təbii fəlakətlər zamanı kəndin sel sularından mühafizəsi üçün 4019 metr uzunluqda, müəyyən en kəsirlərində iritutumlu beton kanallar tikilib. Şükürbəylidə artıq 107 ailə məskunlaşıb. Bu gün daimi yaşayış üçün daha 107 ailə qəbul edilib. Onların normal yaşayışı üçün hər bir şərait yaradılıb". (Report)