15 may 2026 21:26
117

İshaq Dar: Pakistan ABŞ tərəfindən saxlanılan gəmilərdən 11 vətəndaşını geri qaytarıb

Pakistan hakimiyyəti ABŞ hərbçiləri tərəfindən açıq dənizdə saxlanılan gəmilərin göyərtəsində olan 11 vətəndaşını, eləcə də 20 İran vətəndaşını Sinqapur vasitəsilə uğurla ölkəyə qaytarıb.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkəsində məlumat yayıb.

"Bütün şəxslərin səhhəti yaxşıdır. Xaricdəki pakistanlıların, xüsusən də çətin vəziyyətə düşənlərin rifahı və təhlükəsizliyi hökumətimizin ən ali prioriteti olaraq qalır. Bütün şəxslər Sinqapurdan Banqkoka gəliblər və artıq bu gün axşam gec saatlarda İslamabada çatmalı olan reysə miniblər. Daha sonra iranlı qardaşlarımıza vətənlərinə qayıtmağa köməklik göstəriləcək", - paylaşımda bildirilib.

İ.Dar, həmçinin bütün bu proses ərzində göstərdikləri dəstək və əməkdaşlığa görə Sinqapur və Tayland hakimiyyət orqanlarına, həmçinin ABŞ dövlət katibi Marko Rubioya minnətdarlığını bildirib.